Alimlər dəri hüceyrəsinin DNT-sindən insan embrionları yaradıblar
ABŞ-da aparılan yeni araşdırma insan çoxalması ilə bağlı fundamental anlayışları dəyişə bilər. Amerikalı alimlər ilk dəfə olaraq insan dərisi hüceyrələrindən əldə edilmiş DNT-dən istifadə edərək, sperma ilə mayalanma yolu ilə erkən mərhələdə insan embrionları yaratmağa nail olublar.
Ajans.az xəbər verir ki,bu texnologiya sonsuzluqla mübarizədə, xüsusilə də yaşlanma və ya xəstəlik səbəbilə yaranan hallarda inqilabi dəyişikliklər vəd edir.
Tədqiqatçılar hesab edirlər ki, bu metod gələcəkdə orqanizmdəki demək olar ki, istənilən hüceyrəni həyatın başlanğıc nöqtəsinə çevirmək imkanı verə bilər. Bu, hətta eyni cinsdən olan cütlüklərin genetik cəhətdən qohum olan uşaqlara sahib olmalarına şərait yarada bilər.
Araşdırma Oreqon Sağlamlıq və Elm Universitetində aparılıb. Burada alimlər bədənin quruluşunu müəyyən edən genetik məlumatı daşıyan nüvəni insan dərisi hüceyrəsindən çıxararaq, genetik materialı çıxarılmış donor yumurtasına implantasiya ediblər. Bu texnologiya 1996-cı ildə klonlaşdırılmış ilk məməli – Dolly qoyununun yaradılmasında istifadə edilən üsula bənzəyir.
Lakin belə yumurtalar artıq tam xromosom dəstinə malik olduqları üçün əlavə olaraq sperma ilə mayalanmaya hazır olmurlar. Bu səbəbdən tədqiqatçılar "mitomeioz" adlandırılan prosesi işə salıblar. Bu proses yumurtanı xromosomlarının yarısını atmağa “inandıraraq”, onu mayalanma üçün uyğun hala gətirməyə çalışır.
Nature Communications jurnalında dərc edilən tədqiqatda qeyd olunur ki, bu üsulla 82 funksional yumurta əldə edilib və onlar sperma ilə dölləndikdən sonra bəziləri embrion inkişafının ilkin mərhələlərinə qədər irəliləyib. Bununla belə, heç bir embrion altı günlük mərhələni keçə bilməyib.
Alimlər texnikanın hələ mükəmməl olmadığını etiraf edirlər. Mövcud problem yumurtanın hansı xromosomları çıxaracağını təsadüfi şəkildə seçməsi ilə bağlıdır. Nəticədə bəzi yumurtalarda bəzi xromosomlar iki dəfə, digərlərində isə heç olmaya bilər. Halbuki sağlam bir embrionun inkişafı üçün hər bir növdən bir ədəd – ümumilikdə 23 xromosom lazımdır.
Ekspertlərin fikrincə, bu texnologiyanın geniş şəkildə tətbiq olunması və məhsuldarlıq klinikalarında istifadə edilməsi üçün hələ onilliklər tələb oluna bilər. Lakin əldə olunan nəticələr biologiya və reproduktiv tibb sahəsində mühüm bir addım hesab olunur.