Reklam resmi
Reklam resmi

Etirazlarda 19 nəfərin ölümündən sonra sosial media qadağasını ləğv edib

Etirazlarda 19 nəfərin ölümündən sonra sosial media qadağasını ləğv edib
Dünya

Nepalda sosial media platformalarına tətbiq edilən genişmiqyaslı qadağa, ölkə boyu baş qaldıran kütləvi etirazlar və polis toqquşmaları fonunda ləğv edilib. Etirazlar nəticəsində azı 19 nəfər həlak olub, 100-dən çox insan yaralanıb.

Ajans.az BBC-ə istinadən xəbər verir ki,sosial media qadağası bir neçə həftə əvvəl, "nepo uşaq" adı ilə tanınan onlayn kampaniyanın başlanmasından sonra tətbiq olunmuşdu. Kampaniya siyasətçilərin övladlarının lüks həyat tərzini və korrupsiya iddialarını ifşa edirdi. Bunun ardınca hökumət Facebook, YouTube, Instagram və digər 26 platformanı bloklamağa qərar verdi. Qadağanın səbəbi kimi saxta xəbərlər, nifrət nitqi və onlayn fırıldaqçılıqla mübarizə göstərilmişdi.

Qadağa minlərlə gəncin paytaxt Katmanduda küçələrə axışmasına səbəb olub. Etirazçılar parlament binasına yürüş təşkil edərək hökumətin avtoritar siyasətinə və korrupsiyaya qarşı narazılıqlarını ifadə ediblər. Bəzi aksiya iştirakçıları baş nazir KP Şarma Olinin doğma şəhəri Damakda yerləşən evinə daş atıblar.

Katmandu polisi etirazçıları dağıtmaq üçün su şırnaqları, dəyənəklər və rezin güllələrdən istifadə edib. Hadisələr zamanı bir neçə rayonda komendant saatı tətbiq olunub.

Etirazların miqyasının böyüməsi fonunda hökumət bazar ertəsi axşam fövqəladə iclas keçirib və sosial media qadağasını ləğv etdiyini açıqlayıb. Hökumət nümayəndəsi bu qərarın "Gen Z-nin tələblərini dinləmək və həll etmək" məqsədi daşıdığını bildirib.

Etirazçılardan biri, Sabana Budathoki, BBC-yə açıqlamasında bildirib:

"Sosial media qadağası bizim toplaşmamız üçün sadəcə bir səbəb idi. Əsl problem korrupsiyadır. Biz ölkəmizi geri istəyirik. Biz korrupsiyanı dayandırmağa gəlmişik."

Baş nazir Oli baş verən zorakılıqlardan və insan itkilərindən dərin kədər hissi keçirdiyini deyib. O, hadisələrin "müxtəlif maraq qruplarının təsiri ilə" baş verdiyini iddia edib. Hökumət tərəfindən hadisələri araşdıracaq xüsusi komissiyanın yaradılacağı və ölənlərin ailələrinə maliyyə yardımı, yaralılara isə pulsuz tibbi xidmət göstəriləcəyi açıqlanıb.

Etirazlar zamanı güc tətbiqi ilə bağlı sərt tənqidlərə məruz qalan daxili işlər naziri Ramesh Lekhak isə bazar ertəsi axşam istefa verib.

 

author picture
Leyla Bayandurlu
Mövzular:
Nepal etirazlar

Digər Xəbərlər