Avstraliya İsrailin vizaları ləğv etməsini “əsassız” adlandırdı
Avstraliya Xarici İşlər naziri Penny Wong, İsrailin Avstraliya nümayəndələrinin Fələstin Administrasiyasına vizalarını ləğv etməsini “əsassız reaksiya” kimi dəyərləndirib.
Ajans.az Associated Press-ə istinadən xəbər verir ki,bu addım Baş nazir Benyamin Netanyahunun hökumətini beynəlxalq aləmdə təcrid edir və sülh, iki dövlətli həll, Qəzzada atəşkəs və girovların azad olunması istiqamətindəki beynəlxalq səylərə zərbə vurur. Nazir həmçinin vurğulayıb ki, Avstraliya tərəfdaşlarla işləməyə davam edəcək və bütün avstraliyalıları nifrət və zorakılıqdan qoruyacaq.
Xatırladaq ki, İsrail hökuməti bu qərarı Avstraliyanın Fələstin dövlətini tanımaq planına və ifrat sağçı israilli siyasətçi Simça Rotmanın ölkəyə girişinə qoyulan üç illik qadağaya cavab olaraq verib. Rotman, fələstinlilərin Qəzzadan köçürülməsinə açıq dəstəyi və fələstinli uşaqları “İsrailin düşmənləri” adlandırması ilə tanınır.
Bundan əvvəl də Avstraliya 2024-cü ilin noyabrında İsrailin keçmiş daxili işlər və ədliyyə naziri Ayelet Şakedə işğal altındakı İordan çayının qərb sahilində qeyri-qanuni yaşayış məskənlərinə verdiyi dəstəyə görə viza verməkdən imtina etmişdi.
Avstraliya gələn ay BMT Baş Assambleyasında Fələstinin dövlətçiliyini tanımağa hazırlaşır. Fransa, Böyük Britaniya, Malta, Kanada və Portuqaliya da daxil olmaqla bir sıra ölkələr də sentyabrda Nyu-Yorkda keçiriləcək iclaslarda eyni addımı atmağı planlaşdırır.
Qeyd edək ki, İsrailin 2023-cü ilin oktyabrından bəri Qəzzada davam edən hücumları nəticəsində 62 mindən çox insan həlak olub. Bundan əlavə, Beynəlxalq Cinayət Məhkəməsi ötən ilin noyabrında Netanyahu və sabiq müdafiə naziri Yoav Gallant barəsində hərbi cinayətlər və insanlığa qarşı cinayətlər ittihamı ilə həbs orderi çıxarıb. İsrail həmçinin Beynəlxalq Ədalət Məhkəməsində soyqırım işi ilə üzləşib.