Google və NASA astronavtların sağlamlığı üçün süni intellekt hazırlayır
Google və ABŞ-ın Kosmik Agentliyi NASA kosmos missiyaları zamanı astronavtların sağlamlıq problemlərinin həlli üçün süni intellekt (AI) aləti üzərində işləyir.
Ajans.az Euronews-a istinadən xəbər verir ki,“Crew Medical Officer Digital Assistant” adlanan sistem astronavtlara və Yerdəki tibbi heyətə real vaxt rejimində simptomların diaqnostikası və müalicəsində kömək edəcək. Alət həmçinin uçuş cərrahlarına və kosmik tibb üzrə mütəxəssislərə qərarvermə prosesində proqnozlaşdırıcı analitika təqdim edəcək.
Google-un açıqlamasına görə, konsepsiya sübutu layihəsinin ilkin nəticələri süni intellektin təqdim olunan simptomlara əsaslanaraq etibarlı diaqnozlar qoya bildiyini göstərib. Hazırda model həkimlərlə birlikdə sınaqdan keçirilir və təkmilləşdirilir.
Şirkət bildirir ki, bu rəqəmsal köməkçi astronavtların Yer kürəsi ilə əlaqəsi məhdud olduqda belə, onlara ətraflı diaqnoz və müalicə variantları təqdim edə biləcək.
NASA artıq astronavtlara ürək-ağciyər reanimasiyası, ilk yardım və kosmosa aid xüsusi xəstəliklərlə bağlı təlim keçir. Lakin Aya və Marsa planlaşdırılan uzunmüddətli missiyalarda rabitə gecikmələri səbəbindən Yerdən real vaxtda tibbi dəstək mümkün olmayacaq.
Məsələn, Aya missiyalar zamanı 10 saniyəyə qədər əlaqə gecikməsi ola bilər, Mars missiyalarında isə bu müddət 40 dəqiqəyə qədər artır. Bu, o deməkdir ki, astronavtlar müstəqil tibbi yardım göstərə biləcək daha inkişaf etmiş sistemlərə ehtiyac duyacaqlar.
NASA yaxın illərdə Artemida II və III proqramı çərçivəsində insanları Aya qaytarmağı, 2030-cu illərdə isə Marsa ilk pilotlu missiyanı həyata keçirməyi planlaşdırır. Google-un sözlərinə görə, yeni süni intellekt sistemi bu hədəflərin gerçəkləşməsinə mühüm dəstək verəcək.