Alimlər “maye dəri” hazırlayıblar
İsveçin Linköpinq Universitetinin alimləri yanıqların müalicəsində istifadə oluna bilən, canlı hüceyrələrə malik innovativ gel – “şprisdə dəri” yaradıb.
Ajans.az Advanced Healthcare Materials jurnalına istinadən xəbər vüerir ki,yanıq müalicəsində tez-tez dərinin yalnız üst təbəqəsi — epidermis — köçürülür. Lakin dermisin olmaması nəticəsində dərinin elastikliyi bərpa olunmur, kobud çapıqlar əmələ gəlir. Dermis qan damarları, sinirlər və saç follikulları kimi vacib strukturları özündə birləşdirir və tam funksional bərpa üçün əsas rol oynayır.
Yeni texnologiyada alimlər dermisi “tikinti blokları” prinsipi ilə yaratmağı təklif ediblər. Onlar asan yetişdirilən fibroblast hüceyrələrini dəri kollageninə bənzər kiçik jelatin toplarında böyüdüblər. Daha sonra bu toplar hialuron turşusu ilə qarışdırılaraq kimyəvi reaksiya vasitəsilə davamlı, asan tətbiq edilən gel formalaşdırılıb.
Təcrübələr zamanı gelin kiçik “lövhələri” 3D printerdə hazırlanaraq siçanların dərisi altına implantasiya edilib. Nəticədə hüceyrələr sağ qalıb, yeni dermis üçün maddələr istehsalına başlayıb və qan damarları formalaşıb.
Alimlərin sözlərinə görə, “şprisdə dəri” texnologiyası yanıqlı xəstələrdə dərinin tam bərpası üçün perspektivli üsul ola bilər. Lakin onun klinik effektivliyini təsdiqləmək üçün əlavə tədqiqatlar tələb olunur.