Rusiyalı diplomatdan çağırış
Rusiyalı diplomat İsraili zorakılığı dayandırmağa və Qəzza zolağındakı blokadanı aradan qaldırmağa çağırdı.
Ajans.az Tass-a istinadən xəbər verir ki, BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya İsraili zorakılığı dayandırmağa və Qəzza zolağındakı blokadanı aradan qaldırmağa çağırıb.
“ Təəssüf ki, fələstinlilərin problemləri təkcə Qəzza ilə məhdudlaşmır. Biz İordan çayının qərb sahilində vəziyyətin pisləşməsindən ciddi narahatıq, burada İsrail qüvvələri əməliyyatlarını daha da intensivləşdirir. Qərbi Yerusəlimin addımları genişmiqyaslı dağıntılara səbəb olur, humanitar böhranı dərinləşdirir və didərgin salınmış ailələri evlərinə qayıtmaq ümidi ilə vidalaşdırır. Biz fələstinlilərin öldürülməsi, torpaqların ələ keçirilməsi və binaların dağıdılması barədə mütəmadi olaraq məlumatlar alırıq. Bu, qəbuledilməzdir,” – deyə Nebenzya BMT Təhlükəsizlik Şurasının Qəzza zolağında humanitar vəziyyətlə bağlı iclasında bildirib.
O, İsraili işğal olunmuş Fələstin ərazilərində zorakılığı dərhal dayandırmağa, mülki əhalinin təhlükəsizliyini təmin etməyə və humanitar yardım çatdırılmasına mane olmamağa çağırıb. Diplomat həmçinin bildirib ki, Qəzzadakı blokada dərhal ləğv edilməlidir.
Nebenzya qeyd edib ki, Qəzzada girovların azad olunması üçün güc metodlarının tətbiqi səmərəsizdir və beynəlxalq vasitəçilərin iştirakı ilə dərhal atəşkəsə və bütün saxlanılan şəxslərin azad olunmasına ehtiyac var.
O, həmçinin Səudiyyə Ərəbistanı və Fransanın iyul ayının sonunda Nyu-Yorkda keçiriləcək və iki dövlətli həll variantını dəstəkləyən beynəlxalq konfrans təşkil etmək planını da alqışlayıb. “Onilliklərlə davam edən ərəb-İsrail qarşıdurması sübut edib ki, Yaxın Şərq üçün başqa sülh yolu yoxdur və ola da bilməz,” – deyə Nebenzya əlavə edib.