Ümit Özdağ bəraət aldı
Zəfər Partiyasının sədri Ümit Özdağ, “Milli Kəşfiyyat Təşkilatı (MİT) Qanununa qarşı çıxmaq” ittihamı ilə 7 ilə qədər həbs tələbi ilə mühakimə olunduğu məhkəmə prosesində, qanunsuzluq aşkar edilmədiyi üçün bəraət qazandı.
Ajans.az haberturk-ə istinadən xəbər verir ki, Zəfər Partiyasının rəhbəri Ümit Özdağ barəsində, 27-ci çağırış millət vəkili kimi fəaliyyət göstərdiyi dövrdə — 26 fevral 2020-ci ildə Liviyada xidmət edən MİT əməkdaşlarının kimliklərini açıqladığı iddiası ilə Ankara Cumhuriyyət Baş Prokurorluğu tərəfindən iddianamə hazırlanıb. Özdağ haqqında "MİT Qanununa zidd hərəkət" maddəsi üzrə 3 ildən 7 ilə qədər həbs cəzası tələbi ilə hazırlanan iddianamə Ankara 26-cı Ağır Cəza Məhkəməsi tərəfindən qəbul edilib.
Bu gün keçirilən məhkəmə iclasında Ümit Özdağ və vəkili iştirak ediblər. Özdağ müdafiəsində bildirib:
"Mətbuatdan öyrəndiyimə görə, Liviyada iki MİT əməkdaşı şəhid olub və adları ictimaiyyətə açıqlanıb. Cümhurbaşqanı da bu şəhidlərdən danışarkən '1-2 şəhid' ifadəsini işlədib. Mən də Türkiyə Böyük Millət Məclisində keçirdiyim mətbuat konfransında həmin iki MİT əməkdaşının adlarını çəkərək dedim ki, 'Türk tarixinə qəhrəman kimi düşüblər, Allah rəhmət eləsin'. Bu adları isə sosial media və mətbuatda daha öncə yayımlanmış mənbələrdən əldə etmişəm. Məsələn, Murat Ağırel də bu adları paylaşmışdı, başqa platformalarda da görmüşəm. Mətbuat konfransını TBMM-də mənə ayrılmış otaqda keçirmişəm və orada yalnız millət vəkilləri danışa bilər.
Başqa biri ora girib açıqlama verə bilməz. Hətta DEM Partiyasından bir millət vəkili ümumi iclasda deyib ki, 'Bizim torpaqlarımıza bənd tikirsiniz, sonra həmin bəndlərdən əldə etdiyiniz enerjini bizə baha qiymətə satırsınız. Bu olmaz'. Bu sözlərə görə ona qarşı hər hansı məhkəmə işi aparılmadı. Amma mən yalnız şəhidlərimizə 'Allah rəhmət eləsin' dediyim üçün mühakimə olunuram. Niyyətim çox aydındır. Mən dövlət sirrinin nə olduğunu bilən biriyəm. MİT-i də yaxşı tanıyıram, onlar da məni tanıyır. MİT bu açıqlamaya görə mənim barəmdə heç bir cinayət işi qaldırmayıb. Çünki ilk açıqlamanı edənlərə qarşı şikayət verilib. Onlar bilirlər ki, bu məlumatı ifşa edən mən deyiləm. Onsuz da artıq açıqlanmış bir məlumatı yenidən açıqlamaq ifşa sayılmaz. Bu, cinayət sayıla bilməz".
Bu ifadələrdən sonra prokuror rəy verərək bildirib ki, Özdağın açıqlamasından əvvəl MİT əməkdaşlarına aid məlumatlar artıq sosial mediada yayılmışdı və bu səbəbdən onun təqsirləndirildiyi cinayəti törətməsi mümkün deyil. Buna görə də cinayət tərkibi mövcud olmadığından bəraət verilməsini istəyib. Prokuror, həmin məlumatları ilk dəfə yayan şəxslərlə bağlı Ankara Cumhuriyyət Baş Prokurorluğuna məlumat verilməsi qərarını da tələb edib.
Məhkəmə yekunda Ümit Özdağ barəsində irəli sürülən ittihamın hüquqi tərkibinin olmadığı əsas göstərilərək bəraətinə qərar verib.