Mask-dan açıqlama
Maskın öz siyasi partiyasını yaratmasının səbəbi açıqlandı.
Ajans.az lenta ru-ya istinadən xəbər verir ki,
Amerikalı sahibkar və milyarder İlon Maskın öz siyasi partiyasını yaratmaqda məqsədi respublikaçı konqresmenləri öz tərəfinə çəkmək və bu yolla səsvermələrə təsir göstərməkdir. Bu fikri Rusiya Elmlər Akademiyasının İqtisadiyyat və Beynəlxalq Münasibətlər İnstitutunun (İMƏMO RAN) Şimali Amerika Araşdırmaları Mərkəzinin baş elmi işçisi Aleksandra Voytolovskaya "Lenta.ru"ya müsahibəsində bildirib.
Voytolovskayanın sözlərinə görə, Mask bunu Konqresdə qanunların qəbul edilməsinin qarşısını almaq üçün edir. Hazırda respublikaçıların cüzi üstünlüyü var və əgər Maskın yaratdığı üçüncü partiya bu fərqi təşkil edən şəxsləri öz tərəfinə çəksə, o zaman bu yeni qüvvə səsvermə nəticələrinə real təsir göstərə bilər.
Onun qiymətləndirməsinə əsasən, hazırda Senatda respublikaçıların üstünlüyü təxminən 2-3 səs, Nümayəndələr Palatasında isə 8-10 dairə civarındadır. O, eyni zamanda qeyd edib ki, ABŞ-da iki partiyalı sistem mövcuddur və bu sistem üçüncü partiyanın real varlığını faktiki olaraq istisna edir.
Voytolovskaya əlavə edib ki, ABŞ-da istənilən sayda partiyanın yaradılması nəzəri olaraq mümkündür, lakin üçüncü partiyanın yaşaması və seçkilərdə uğur qazanması texniki cəhətdən çətindir. Onun sözlərinə görə, seçicilər səslərinin boşa getməsindən qorxaraq, qalib gələcəyinə əmin olduqları Respublikaçılar və ya Demokratlara səs verirlər.
Ekspert həmçinin bildirib ki, Respublikaçılar və Demokratlar böyük korporasiyalar kimi fəaliyyət göstərirlər — perspektivli “startapları” (yeni siyasi təşəbbüsləri) ələ keçirir, onların aktivlərini və kadrlarını öz sıralarına qatırlar. Bu səbəbdən üçüncü partiyalar çox vaxt ümumi səsverməyə qədər belə yaşaya bilmirlər.
Xatırladaq ki, iyulun 5-də İlon Mask “Amerika” adlanan siyasi partiyasını yaratdığını elan edib və artıq 6 iyulda partiyanın qeydiyyatı üçün sənədləri təqdim edib. O, bildirib ki, qarşıdakı bir il ərzində onun və yeni partiyasının əsas diqqəti Nümayəndələr Palatası və Senat seçkilərinə yönələcək.