Çeşmədə meşə yanğını
Türkiyənin bir çox bölgəsində baş verən meşə yanğınları ilə mübarizə davam edərkən, dünən İzmirin Çeşmə rayonunda kənd təsərrüfatı sahəsində başlayan və sonradan meşəyə sıçrayan yanğın küləyin gücü ilə geniş bir əraziyə yayılıb.
Ajans.az dw.com-a istinadən xəbər verir ki , Yanğının küləyin təsiri ilə Urla istiqamətində irəliləməsi və geniş sahədə təsirli olması səbəbilə İzmir–Çeşmə Avtomobil Yolu və şosse təhlükəsizlik məqsədilə mülki nəqliyyat vasitələrinin hərəkətinə bağlanıb. Yalnız xidməti nəqliyyat vasitələrinin keçidinə icazə verilir. Ərazidə Orman Bölgə Müdirliyinin əməkdaşları yanğını söndürmək üçün intensiv şəkildə iş aparırlar. Havanın qaralmasından sonra müdaxilə quru yolla davam etdirilib. Səhər saatlarından isə havadan müdaxilə yenidən başlayıb.
İzmir valisi Süleyman Elban axşam saatlarında verdiyi açıqlamada bildirib: “Otluq sahədə başlayan və saatda 85 kilometrə çatan küləklə sürətlə cənub istiqamətində irəliləyən yanğın başladı. Cəmi 13 dəqiqə ərzində müdaxiləyə başlanıldı. Yanğın sürətlə Karaköy, Germiyan və Nohutalan yaşayış məntəqələrinə doğru yayılmağa başladı.”
Üç məhəllə təxliyə edildi
Vali Elban yanğının üç məhəllə üçün təhlükə yaratdığını və bu məhəllələrin ehtiyat tədbiri olaraq təxliyə edildiyini bildirib. O, yanğının baş verdiyi İldır məhəlləsində bəzi yaşayış komplekslərinin də boşaldıldığını deyib.
İldır məhəlləsinin bəzi hissələri ilə yanaşı, Germiyan məhəlləsi və Urlanın Nohutalan məhəlləsi də təxliyə olunub. Ərazidəki elektrik və telefon xətləri, eləcə də bəzi tikililər ziyan görüb. Bölgədə çoxsaylı heyvandarlıq təsərrüfatlarının yerləşdiyini qeyd edən rəsmi şəxslər, yalnız vətəndaşların deyil, çoxlu sayda heyvanın da yanğın zonasından uzaqlaşdırıldığını bildiriblər.
Vali Elban bildirib ki, ilkin texniki qiymətləndirməyə əsasən, yanğının elektrik xəttindən çıxdığı ehtimal olunur: “Texniki qrupların apardığı ilkin araşdırmalar bu istiqamətdədir. Həmçinin hadisə şahidlərinin ifadələri də bunu göstərir. Yanğının elektrik xəttindən qaynaqlandığı deyilir,” – deyə o əlavə edib.