Merz ABŞ-nin Ukrayna danışıqlarından çıxmasının qarşısını almağa çalışır - KİV
Almaniya kansleri Fridrix Merz ABŞ-nin Ukraynadakı sülh prosesindən çıxmasının qarşısını almaq üçün əlindən gələni edir. Bu məsələ onun xarici siyasətində prioritet istiqamətlərdən birinə çevrilib.
Ajans.az xəbər verir ki, bu barədə “Bild” qəzeti yazır.
Nəşrin qeyd etdiyi kimi, ABŞ-nin Ukrayna böhranının həllində iştirakdan imtina etməsinin qarşısını almaq üçün Merz hətta bu məsələ ilə bağlı texniki görüşün keçirilməsi təşəbbüsü ilə çıxış edib. Burada Avropa İttifaqı ölkələrinin və Vaşinqtonun iştirakı gözlənilir. Üstəlik, Almaniya kansleri bu təşəbbüsü birbaşa Aİ liderləri ilə ABŞ prezidenti arasında telefon danışığı zamanı irəli sürüb.
Həmçinin vurğulanır ki, həmin söhbət zamanı Tramp Vaşinqtonun sülh prosesindən çıxmaq niyyətini ifadə edib. O, hər şeyi Moskva və Kiyevin birbaşa danışıqlar aparmaq istəyi ilə əsaslandırıb. Bununla belə, Aİ liderləri ABŞ-nin Ukraynaya dəstəyi tamamilə dayandırmaq niyyətində olub-olmadığını dəqiqləşdirməyə risk etməyiblər.
“Trampın getməsinin qarşısını almaq (Ukraynadakı münaqişənin həlli – red) Fridrix Merzin ən mühüm xarici siyasət məqsədlərindən biridir”, - Bild yazır.
Bundan əvvəl ABŞ prezidenti Donald Tramp Ukrayna böhranının həllində mühüm irəliləyişin əldə olunduğuna inandırmışdı. Amerika lideri Rusiya prezidenti Vladimir Putinlə dialoqdan dərhal sonra müvafiq bəyanatla çıxış edib.
©️ Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.