Reklam resmi
Reklam resmi

Alıcıların DİQQƏTİNƏ: Vaxtı keçmiş yumurta yeyirik?

Alıcıların DİQQƏTİNƏ: Vaxtı keçmiş yumurta yeyirik?
Cəmiyyət

Marketlərdə satılan bəzi yumurtaların üzərində yalnız istehsal tarixi qeyd olunur, lakin son istifadə müddəti göstərilmir. Elə məhsullar da var ki, həç bir məlumat etiket belə yer almır.

Bu isə istehlakçılar arasında çaşqınlıq yaradır və məhsulun təhlükəsizliyi ilə bağlı suallar doğurur.

Məsələni dəyərləndirən Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov "Ajans.az"a bildirib ki, yumurta 7 gün ərzində dietik hesab olunur, daha çox qaldıqda isə mətbəx yumurtası adlanır:

‘’Yumurtaların üzərində istehsal və bitmə tarixi qeyd edilməlidir. Dietik yumurta, mətbəx yumurtasına nisbətən çox vaxt baha olur. Xalq arasında belə bir fikir var ki, yumurtanı yuyub soyuducuda saxlamaq olmaz. Bu fikir kökündən səhvdir. Yumurta yuyulub soyuducuya yerləşdirilməlidir.

Əlavə olaraq, digər məhsullarla təması təcrid olunmalıdır.Yumurtaların içərisində, qabığın altında hava boşluğu olur. Hansı yumurtada bu boşluq yoxdursa, bu o deməkdir ki, həmin yumurta təzədir. Ləkənin çoxalması isə yumurtanın köhnə olduğunu sübut edir. Yumurtanı qaynatdıqda, ağını ayırdıqda içərisindəki sarı rəngi göyə çalırsa, bu, onun köhnə olduğunu göstərir. Bununla yanaşı, yumurtanı qulağa yaxınlaşdıraraq çalxaladıqda onun təzə və ya köhnə olduğunu bilmək olar. Əgər çalxaladıqda içində qarışma səsi gəlirsə, bu, yumurtanın köhnə olduğunu göstərir’’.

AİB sədri vurğulayıb ki, Nazirlər Kabinetinin 94 saylı qərarına görə, bütün mallar qablaşdırılarkən istehsal və bitmə tarixi, həmçinin müəssisənin adı qeyd olunmalıdır: ‘’Əks halda bu, istehlakçı hüquqlarının pozulması kimi qiymətləndirilə bilər. Yaxşı olardı ki, AQTA bu məsələləri təqib etsin və problem aradan qalxsın. Yumurtaların üzərində rəqəmlər olur. “0” rəqəmi yumurtanın ən təzə olduğunu göstərir. “1” rəqəmi isə istehsalından 10 gün keçdiyini bildirir. Hazırda Azad İstehlakçılar Birliyi, üzv olduğu Standartlaşdırma İnstitutunun texniki komitəsində malların etiketlənməsi haqqında yeni bir standartın qəbul olunması üzərində işləyir. Həmin standart qəbul olunduqdan sonra çox güman ki, yumurtaların da etiketlənməsi tam olaraq qaydasına düşəcək və düzgün şəkildə aparılacaq''.

author picture
Ajans muxbir
Mövzular:
AQTA YUMURTA EYYUB HÜSEYNOV

Digər Xəbərlər