Neft ölkələri hasilatı artırır- NEFTİN QİYMƏTİNƏ TƏHLÜKƏ VARMI?
Neftin qiyməti 70 dollara qədər endi, ABŞ-ın OPEK+ dan istəkləri də bu məsələdə təsirini göstərməyə başlayır: OPEK+ ölkələri aprel ayından etibarən hasilatı artırmağa başlayacaqlar, könüllü şəkildə getdikləri hasilat azalmasını geri çəkəcəklər – bu isə mərhələli şəkildə bazara 2,2 milyon barel neftin əlavə olaraq daxil olması deməkdir.
Tanınmış iqtisadçı-ekspert Razi Abbasbəyli “Ajans.az”a açıqlamasında deyib ki, dünya bazarında neftin qiymətinin ucuzlaşacağı gözlənilən idi: ‘’Trampın əsas hədəflərindən biri də məhz bu idi. Lakin gözlənilməz bir məqam baş verdi. OPEC+ ölkələri neft hasilatını artırmaq barədə qərar qəbul etdilər. Bu da qiymətlərin ucuzlaşmasına səbəb oldu. Hətta, bu tendensiyanın davam edəcəyi ehtimal edilir. ABŞ-ın neft ehtiyatlarını dünya bazarına əlavə neft çıxarmaqla artıracağı da gözlənilir. Belə bir şəraitdə neftin qiymətinin sürətlə ucuzlaşması prosesi davam edəcək. Son 10 gün ərzində dünya birjalarında neftin qiyməti 82 dollardan 72 dollara qədər enib. 2025-ci ilin Azərbaycan dövlət büdcəsində neftin qiyməti 72 dollar səviyyəsində götürülüb. Büdcənin gəlirləri və xərcləri də bu qiymətə əsasən müəyyən edilib. Böyük ehtimalla, neftin 70 dollardan aşağı düşməsi iri investisiya layihələrinin müəyyən müddətə təxirə salınmasına səbəb ola bilər. Bununla belə, dünya bazarında neftin ucuzlaşması Azərbaycanın dövlət büdcəsinə birbaşa təsir göstərən faktor deyil. Çünki büdcə Azərbaycan Dövlət Neft Fondu (ADNF) hesabına formalaşır. Hər halda, nəzərdə tutulan vəsaitlər büdcəyə transfer ediləcək. Lakin fondun gəlirləri azalacaq və büdcə proqnozları üzrə vergi ödənişlərində ciddi azalmalar baş verəcək’’. Ekspert vurğulayıb ki, qiymətlərin aşağı olması eyni zamanda ixracatın həcminin artmasına səbəb ola bilər: ‘’Bunun nəticəsində iri korporasiyaların vergi ödənişlərində ciddi kəsirlər yarana bilər. Ən kritik vəziyyətdə Azərbaycan qızıl ehtiyatlarından istifadə etməklə büdcədəki çətinlikləri aradan qaldıra bilər. Bununla belə, hesab etmirəm ki, vəziyyət bu qədər dramatikləşəcək. Əgər bu proses uzun müddət davam edərsə, müəyyən çətinliklər yaranacaq. Ümid edirik ki, müəyyən müddətdən sonra qiymətlər stabilləşəcək. Çünki nə Amerika, nə də OPEC+ ölkələri daim bazara tələbdən çox neft təklif edə bilərlər. Bu, həm praktik, həm də fiziki baxımdan həmin ölkələrin neft ehtiyatlarının sürətlə tükənməsinə gətirib çıxara bilər’’.