Lüks restoranların pərdəarxası - Müştərilər belə aldadılır

Çox vaxt kafe, restoran seçərkən bu cür məkanların sosial media hesablarından istifadə edirik, yaxud qarşımıza çıxan məkanların cəlbedici görünüşünə, sərfəli menyusuna görə qərar veririk. Bəs restoranların gözoxşayan “Instagram” şəkillərinin arxa fonu – mətbəxlər də həmişə eyni gözəllikdə və keyfiyyətdə olurmu?
Nəzərə alsaq ki, tez-tez gigiyena qaydalarına əməl etməyən restoranların bağlandığının şahidi oluruq, yəqin bu formada fəaliyyətinə davam edən restoranlar da az deyil. Axı hər xırda qanun pozuntusunu, işçi məsuliyyətsizliyini monitorinqlə müəyyən etmək mümkün deyil, bu bir az da restoran personalının vicdanına buraxılan məsələdir.
Bəs restoran seçərkən yediyimiz yeməklərin həqiqətən təmiz şəraitdə hazırlandığından necə əmin ola bilərik?
Məsələ ilə bağlı Ajans.az-a danışan qida eksperti Ağa Salamov qeyd edib ki, müştərilər çox vaxt dada üstünlük verirlər, restoranı yeməyin dadına görə seçirlər:
“Bəzən isə doyumluluğa görə qərar verirlər. Təəssüflər olsun ki, istehlakçılar mətbəxlərin təmizliyi, gigiyena kimi şeylərə maraq göstərmirlər. Daha çox qiymətin ucuz olmasına və harada dadlı kabab verirlər məsələsinə.
İstehlakçı bunu heç cür təyin edə bilməz. Qida təhlükəsizliyini bilməyən, başqa sahənin adamı olanlar mətbəxə girsə də, heç nə başa düşməyəcək. Çarpaz çirklənməni bilməyəcəklər, mal qonşuluğu prinsiplərinin pozulmasını bilməyəcəklər.
Bu bir növ sahibkarın vicdanına buraxılır. Hər bir obyekt sahibi pul qazanmağı düşünürsə, mala və malın təhlükəsizliyinə də sahib çıxmalıdır. Çox təəssüf ki, bir çox restoranlarda bu kimi hallara çox diqqət yetirilmir. Çünki sahibkarıların başı çıxmır. Təlim keçmiş mütəxəssisləri dəvət edib, baxış keçirməlidirlər, bu da xərc tələb edir”.
Mövzu ilə bağlı danışan hüquqşünas Ramil Süleymanov deyib ki, istehlakçıların hüquqlarının müdafiəsi haqqında qanunun 5-ci maddəsinin 1-ci bəndində qeyd olunur ki, istehlakçı satıcıdan və ya xidmət göstərən şəxsdən məlumatın təqdim edilməsini tələb edə bilər:
“Restoran xidmət sahəsi olduğu üçün istehlakçıların hazırlanan yeməklərin, anbarın sanitar və anti-sanitar vəziyyətinin yoxlanılması hüquqları var. Eyni zamanda həmin qanunun 13-cü maddəsinin 1-ci bəndində yazılır ki, xidmət göstərən şəxs istehlakçını maraqlandıran, malın tərkibi, istehlak xassələri barədə, göstərilən xidmətin təşkili və keyfiyyəti barədə, onun əldə olunması və saxlanılmadı barədə yerində istənilən məlumatı təqdim etməlidir.
Obyekt əgər mətbəxi istehlakçıya göstərməkdən imtina etsə, müştərinin haqqı çatır ki, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə və Gigiyena və Epidemiologiya Mərkəzinə müraciət edərək həmin obyektdə yoxlamaların aparılmasını tələb etsin”.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.