Komitədən "Ukrayna Ticarət Evi" ilə uşaq strategiyası müəyyən edəcək tenderlə bağlı açıqlama
![Komitədən "Ukrayna Ticarət Evi" ilə uşaq strategiyası müəyyən edəcək tenderlə bağlı](https://ajans.az/uploads/images/202502/image_940x_67ade52891ac2.webp)
"Bildirirəm ki, Ailə,Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən təşkil olunan tenderlər qurumun müvafiq sahələrdə nəzərdə tutulan illik fəaliyyətinə olan tələbatını əks etdirir".
Bu sözləri Ajans.az-a açıqlamasında Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu deyib.
Belə ki, sözügedən müqavilələr çərçivəsində 50-ə yaxın iri dövlət əhəmiyyətli tədbirin keçirilməsi nəzərdə tutulur. Sözügedən tenderlər “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinə əsasən planlaşdırılmış və həmin qanunun 17-ci maddəsinə əsasən mərhələlər üzrə təşkil edilmişdir.
Qeyd etmək lazımdır ki, tədbirlərin təşkili üçün keçirilmiş tenderlərdə “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun 33.8.2-ci maddəsinə əsasən ən aşağı qiymət təklifi təqdim etmiş təchizatçı qalib elan olunmuşdur.
Yeni təsdiq olunmuş “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2023-cü il tarixli 494 nömrəsi qərarının tələblərinə əsasən yalnız bu sahədə təcrübəsi, maliyyə vəziyyəti və işçi qüvvəsi olan təchizatçıların qalib olması mümkündür.
Əlavə olaraq sözügedən sahədə fəaliyyət göstərilməsi üçün müvafiq lisenziya tələbi də mövcud deyildir. Qeyd edilənlərə əsasən müsabiqə azad rəqabət şəraitində bütün təchizatçıların iştirakı mümkün olan formada təşkil edilmiş və müvafiq təcrübəyə, maliyyə dayanıqlılığına və işçi qüvvəsinə malik təchizatçı qalib elan edilmişdir və həmin müsabiqə nəticələri müvafiq dövlət orqanı tərəfindən təsdiqlənmişdir.