İdxalda məhdudiyyət: Toyuq qiymətləri bahalaşacaq?

İdxalda məhdudiyyət:
Cəmiyyət 04-03-2025 - 16:18

Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) məlumatına görə, Şimali İrlandiyanın Orta Olster bölgəsi və ABŞ-ın Pensilvaniya və Kolorado ştatlarında yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkə ərazisində bu xəstəlikdən qorunmaq məqsədilə, xəstəlik baş vermiş ərazilərdən diri quş, yumurta, quş əti və digər quşçuluq məhsullarının idxalına müvəqqəti məhdudiyyət qoyub. Dövlət Gömrük Komitəsinə də müvafiq tədbirlər üçün müraciət edilib.                       
Sual yaranır. Bu məhdudiyyət toyuğun qiymətinə necə təsir edəcək? Bahalaşma ola bilərmi?

Məsələ ilə bağlı "Ajans.az" a danışan iqtisadçı ekspert Xalid Kərimli bildirib ki, bu məhdudiyyətin Azərbaycana ciddi təsiri olmayacaq:
‘’Əgər Şimali İrlandiya və ABŞ-ın bəzi ştatlarında qeydə alınan yüksək patogen quş qripi epidemiyası Avropaya və dünyanın qalan hissəsinə yayılmayacaqsa, ölkədə bu vəziyyətlə bağlı narahatçılığa ehtiyac yoxdur. Çünki hazırda Azərbaycanın quş əti idxal etdiyi əsas ölkələr arasında bu ərazilər yer almır. Ona görə də həmin ölkələrdə istehsal olunan quş əti məhsulları Azərbaycan bazarında əhəmiyyətli rol oynamır.
Azərbaycanın quş əti idxalı daha çox digər ölkələrdən, xüsusən də Rusiya, Braziliya və digər iri quş əti istehsalçılarından həyata keçirilir. Bu səbəbdən, Şimali İrlandiya və ABŞ-dakı epidemiya Azərbaycan bazarına quş əti təchizatına ciddi təsir göstərməyəcək. Həmçinin, yerli istehsalın da bazarda müəyyən payı mövcuddur. Bu da xarici idxaldan asılılığı azaldır.
Belə olan halda Azərbaycanda quş əti qiymətlərinin artma ehtimalı yoxdur. Çünki bazarda artıq mövcud olan təchizat və digər alternativ mənbələr qiymətlərin sabit qalmasına imkan verir. Əgər epidemiya digər bölgələrə yayılarsa və bu, Azərbaycana təchizatın azalmasına səbəb olarsa, o zaman vəziyyət dəyişə bilər. Lakin hal-hazırda belə bir risk mövcud deyil".

Nəzrin Vüqarqızı
Vəzifəsi: Müxbir
PAYLAŞ: