Hərbi xidmətə çağırışla bağlı YENİLİK: Həqiqi hərbi xidmət yaşı 18-dən 20-yə...

Azərbaycanda həqiqi hərbi xidmətkeçmədə son yaş həddi aşağı endirilir. Bu “Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsinə öz əksini tapıb.
Dəyişikliyə əsasən, çağırışçılar ilkin hərbi qeydiyyata alınmış və ya alınmalı olan müddətli həqiqi hərbi xidmət keçməmiş 18 yaşından 30 yaşınadək Azərbaycan Respublikasının kişi cinsli vətəndaşları olacaqlar. Qüvvədə olan qanuna əsasən, çağırışçılar ilkin hərbi qeydiyyata alınmış və ya alınmalı olan müddətli həqiqi hərbi xidmət keçməmiş 18 yaşından 35 yaşınadək Azərbaycan Respublikasının kişi cinsli vətəndaşlarıdır.
Bəs yeni təklif qəbul oluna bilərmi?
Məsələ ilə bağlı danışan hərbi ekspert Üzeyir Cəfərov yaş həddinin 30-a endirilmə təklifini doğru addım kimi qiymətləndirsə də, əlavə dəyişikliklərin də vacib olduğunu vurğulayıb. Onun fikrincə, həqiqi hərbi xidmət üçün son yaş həddi 28-ə endirilməli, çağırış yaşı isə 20-yə qaldırılmalıdır.
"Müharibə dövründə yaş həddinin artırılmasına ehtiyac yarandı və bu səbəbdən 35 yaş qərarı qəbul edildi. Lakin sonrakı dövrdə bu qərardan sui-istifadə halları artdı. 18 yaşlı gənc hələ həyat təcrübəsi qazanmamış olur. Bu yaşda onları hərbi xidmətə çağırmaqdan əvvəl müəyyən təcrübə qazanmalarına şərait yaradılmalıdır. Məncə, çağırış yaşı 20-dən başlamalı və hərbi xidmətə cəlbetmə 28 yaşadək həyata keçirilməlidir".
Ekspert hesab edir ki, qanunda gənclərin inkişafı üçün daha çevik yanaşmalar tətbiq olunmalıdır. Onun fikrincə, hərbi xidmətə çağırış yalnız orta məktəbi bitirən və ali təhsil almaq imkanı olmayan gənclərə şamil edilməməlidir:
"Elm və ya mədəniyyət sahəsində xüsusi istedadı olan şəxslərə hərbi xidmətdən müvəqqəti azad olunmaq üçün imkan yaradılmalıdır. Bu yanaşma gənclərin maraqlarını daha yaxşı qorumaqla yanaşı, ordunun intellektual potensialını da artıracaq. Hazırda bu mövzu ilə bağlı Milli Məclisin Müdafiə, Təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinə ünvanladığım suallar cavabsız qalıb".
Üzeyir Cəfərov qeyd edib ki, yaş həddinin aşağı salınması orduya daha gənc və fiziki cəhətdən hazırlıqlı şəxslərin cəlb olunmasına imkan yarada bilər: "Daha yaşlı çağırışçıların hərbi xidmətdə performansı bəzi hallarda daha aşağı ola bilər. Yaş həddinin azaldılması xidmətin effektivliyini artırmaq məqsədinə xidmət edir. Qanun layihəsinin qəbul edilməsi ilə bağlı müzakirələr hələ də davam edir. Gələcəkdə bu dəyişikliklərin tətbiqi hərbi xidmətin həm keyfiyyətinə, həm də gənclərin həyatına əhəmiyyətli təsir göstərə bilər.