Hakimin o qərarı yanlış idi...

AFFA Hakimlər Komitəsinin sədri Frank De Bleker Misli Premyer Liqasının XI turunda keçirilmiş “Qarabağ” – “Şamaxı” oyunundakı mübahisəli penalti epizodunu şərh edib.
Ajans.az xəbər verir ki, belçikalı mütəxəssis AFFA-nın rəsmi saytına açıqlamasında hakimin qərarının yanlış olduğunu bildirib.
O, fikrini belə izah edib: ”Mübarizə zamanı hücumçu topa oynayır, lakin müdafiəçi də topa toxunur. Bu epizodda VAR müdaxiləsi gözlənilirdi”.
De Bleker “Turan Tovuz” – “Kəpəz” matçında qeydə alınan epizodları da dəyərləndirib: “13-cü dəqiqədə cərimə meydançasının daxilində “Turan Tovuz”un oyunçusu Denis Marandiçi və “Kəpəz”in futbolçusu Nicat Süleymanov arasında baş verən mübarizə zamanı yaxşı mövqedə olan baş hakim ev sahiblərinin üzvünün sol ayağı ilə mümkün yüngül toxunuşunu nəzərə alaraq, penalti təyin etməmək qərarını qəbul edib. Hər kontakt qayda pozuntusu deyil. Yüngül toxunuşlara görə penalti təyin etməmək haqqında beynəlxalq təlimatları əsas tutan hakimin qərarını dəstəkləyirik. Bu vəziyyətdə VAR müdaxiləsi edilmir. Həmin vəziyyətdən 2 dəqiqə sonra tovuzlular qol vurdu və qol hakim tərəfindən təsdiqləndi. VAR qoldan öncə mümkün əl ilə oyun qayda pozuntusu olub-olmaması ilə bağlı bütün görüntüləri yoxlayıb. VAR mümkün əl ilə oyun qayda pozuntusunu görmək üçün aydın görüntülərə malik olmadığından, baş hakimin qəbul etdiyi qərar təsdiqlənib. Matçın 55-ci dəqiqəsində “Turan Tovuz”un kapitanı Kristian da Silva top havada olarkən topa oynamağa cəhd etdikdə qayda pozuntusu edib. Hakim qayda pozuntusunu qeydə aldı və vərəqə göstərmədi. Çünki “Turan Tovuz”un futbolçusu açıq-aşkar topa baxırdı. O, topa və rəqibin bədəninə təmas etdi. Təmas ayağın içi ilə aşağı intensivlikdə baş verdi. Bu, ehtiyatsız qayda pozuntusu idi və qəsdən edilməmişdi. Hakim oyunçunu ikinci sarı vərəqə ilə meydandan qovmamaqla düzgün qərar qəbul etdi. Oyunçunu ikinci sarı vərəqə ilə meydandan qovmaq üçün qaydalar aydındır - qayda pozuntusu açıq-aşkar və düşüncəsiz manerada olmalıdır”.