Dövlət Sərhəd Xidməti Xocalı soyqırımının 33-cü ildönümünü anıb

Fevral ayının 26-da Dövlət Sərhəd Xidmətinin rəhbərliyi Xocalı soyqırımının 33-cü ildönümü ilə əlaqədar “Ana harayı” abidəsini ziyarət etmiş, struktur qurumlarda və hərbi hissələrdə silsilə tədbirlər keçirilmişdir.
Ajans.az xəbər verir ki, Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirlərdə Ümummilli Lider Heydər Əliyevin və ərazi bütövlüyümüzün bərpası, torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canlarından keçmiş qəhrəman vətən övladlarının, eləcə də Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Ümummilli Lider Heydər Əliyev yenidən hakimiyyətə gəldikdən sonra Xocalı soyqırımına siyasi-hüquqi qiymət verildiyi, 1994-cü ildə məhz Dahi Öndərimizin təşəbbüsü ilə Azərbaycan parlamenti 26 fevral tarixini Xocalı soyqırımı günü kimi elan edildiyi şəxsi heyətin diqqətinə çatdırılmışdır.
Xocalı soyqırımı təkcə Azərbaycan xalqına deyil, bütövlükdə insanlığa qarşı törədilmiş ağır cinayətdir. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin ardıcıl və qətiyyətli siyasəti nəticəsində bu faciənin beynəlxalq səviyyədə tanınması istiqamətində mühüm işlər görülmüşdür.
Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında şanlı qələbə qazanılmış, ərazi bütövlüyümüz və suverenliyimiz tam bərpa edilmiş, Xocalı soyqırımı qurbanlarının qisası döyüş meydanında alınaraq tarixi ədalət öz yerini tapmışdır.
Anım tədbiri çərçivəsində Xocalı soyqırımına həsr olunmuş foto və kitab sərgiləri, faciə şahidlərinin çıxışları əsasında hazırlanmış “Danışır Xocalı” adlı sənədli film nümayiş etdirilmişdir.