Bu qərarla ətin qiyməti arta bilər - AÇIQLAMA

Bu qərarla ətin qiyməti arta bilər -
İqtisadiyyat 19-03-2025 - 14:42

Azərbaycanda mal-qaranın kəsilməsinə yaş həddinin təyin edilməsi təklif olunur. Bu təkliflə Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev çıxış edib. O bildirib ki, 7-8 kiloqramlıq quzuların və körpə danaların kütləvi şəkildə kəsilməsi heyvandarlığın inkişafına mane olur və bazarda ətin qiymətinin artmasına səbəb olur.

Bu təklif sosial şəbəkələrdə birmənalı qarşılanmayıb. Bu qərarın qiymət artımına səbəb olacağını deyənlər də var.

Məsələ ilə bağlı Ajans.az-a danışan iqtisadçı Akif Nəsirli belə bir qərarın doğru olmayacağını deyib:

“Bu bir qədər mücərrəd məsələdir. Biz guya fermerdən yaxşı bilirik ki, heyvanı hansı yaşda kəsmək lazımdır, hansı yaşda kəsəndə daha yaxşı ət verir? Bunu fermerlər o bəzəkli otaqlarda oturub düşünənlərdən daha yaxşı bilirlər. Bu məsələnin bir tərəfi.

Digər tərəfdən bu qərar kiminsə əmlakına gedib qadağa qoymaq olur. Bu hüquqa uyğun deyil, nə də bazar iqtisadiyyatının prinsiplərinə uyğun deyil. Adama deyərlər mal mənimdir, belə yeyirəm”.

Akif Nəsirli qeyd edib ki, Azərbaycanda heyvan qıtlığına səbəbin quzuların kütləvi kəsiminin olduğunu düşünmür:

“Bu gün Bakıda 19-20 manata quzu əti adı ilə satılan ət əslində heç də quzu əti deyil. Onlar toğlu (10-12 aylıq qoyun) ətidir. Bunların əti yumşaq olur, kəsimə uyğun olur. 1 ildən yuxarı heyvanların əti artıq bərkiyir, bundan kabab çəkmək mümkün deyil. 6 aylıq quzunu kəsmək heç fermerə də sərf etmir, heç bir fermer belə fikrə düşməz. Çünki çəkisi az olur. Çox nadir hallarda 8-12 kq-dan çox ət verər”. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

PAYLAŞ: