Meyvə-tərəvəzin qiyməti bu tarixdən ucuzlaşacaq - ŞAD XƏBƏR

Soyuq havalarda meyvə-tərəvəzin qiyməti adətən yüksəlir.
Bu dövrdə bazarlarda alış-veriş edən insanlar əvvəlki aylara nisbətən daha bahalı məhsullarla qarşılaşırlar. Xüsusilə gündəlik tələbat mallarında qiymət artımı daha çox nəzərə çarpır.
Tanınmış iqtisadçı-ekspert Razi Abbasbəyli “Ajans.az”a söyləyib ki, logistik problemlərin, daşınma çətinliklərin yaranması, təchizatda qırılmalara səbəb olub:
"Təchizatın aşağı düşməsi nəticə etibarı ilə bazarlarda qiymətlərin yüksəlməsinə gətirib çıxarır. Digər tərəfdən tədarük dövrü deyil. İlin bu aylarında kənd təsərrüfatı məhsullarının qiymətləri yüksəlir. Yəni, bu bütün dünyada qəbul edilən normadır. Eyni zamanda qış aylarında kənd təsərrüfatı xüsusi ilə maldarlıq, quşçuluq üzrə yemlərin qiymətləri bahalaşır. Qida bahalaşdığı üçün fermerlər maya dəyərinin yüsəlməsi səbəbindən qiymətləri artırmaq məcburiyyətində qalırlar. Həmin qiymətlərin enmə periodu may ayından başlayır. İlkin olaraq tərəvəz məhsullarının daxili tədarükü hesabına təminatına başlanılır.
Daha sonra iyun-iyul və digər aylarda yerli tədarük bazara daxil olduğu zaman qiymətlər nisbətən aşağı düşür. Azərbaycanda qiymətlərin qış aylarında normadan baha olmasına səbəb saxlanma soyuducu anbarlarının yetərli səviyyədə olmamasıdır. Biz bunu pomidorun, kartofun və digər strateji məhsulların ixracat göstəricilərindən də görə bilərik. Azərbaycan tədarük etdiyi kartofun 80 faizini dərhal xarici ölkələrə ixrac edir. Həmçinin, il ərzində tədarük edilən 300 min ton pomidorun 230-240 mini də xaricə ixrac olunur. Bu vəziyyət 2023-cü ildə də bu cür idi. Bunun başlıca səbəbi saxlanma soyuducu anbarlarının və bu istiqamətdə qoyulan investisiyaların hələlik yetərli səviyyədə olmamasından qaynaqlanır".