Bu ölkə üçün zəlzələ XƏBƏRDARLIĞI - 300 min insan ÖLƏ BİLƏR

Yaponiya hökumətinin hesabatına görə, Sakit okean sahillərində 8-9 bal gücündə güclü zəlzələ baş verərsə, ölkəyə vurulan iqtisadi zərər 1,81 trilyon dollar (270,3 trilyon yen) təşkil edə bilər. Bu məbləğ Yaponiyanın ümumi daxili məhsulunun (ÜDM) təxminən yarısına bərabərdir.
Ajans.az bildirir ki, belə bir zəlzələ sunamilərə, minlərlə binanın uçmasına və kütləvi insan tələfatına səbəb ola bilər. Ən pis ssenaridə, qış aylarında baş verəcək zəlzələnin nəticəsində 298 min insan həlak ola bilər. Bundan əlavə, 1,23 milyon insanın təxliyə edilməsi lazım gələ bilər ki, bu da Yaponiyanın ümumi əhalisinin 1%-ni təşkil edir.
Qeyd edək ki, Yaponiya dünyada ən çox zəlzələ təhlükəsi ilə üzləşən ölkələrdən biridir. Hökumət, Nankai çökəkliyində böyük bir zəlzələnin başvermə ehtimalının 80% olduğunu bildirir. Bu çökəklik 900 km uzunluğunda olub, Filippin Dəniz Plitəsinin Avrasiya Plitəsinin altına endiyi yerdə yerləşir. Tektonik gərginliyin yığılması nəticəsində təxminən hər 100-150 ildən bir burada meqazəlzələlər baş verə bilər.
2023-cü ildə Yaponiya 7,1 bal gücündə zəlzələdən sonra bu bölgədə 9 bal gücündə meqazəlzələ ehtimalının “nisbətən yüksək” olduğunu açıqlamışdı. Xatırladaq ki, 2011-ci ildə 9 bal gücündə baş verən zəlzələ şimal-şərqdə güclü sunami və nüvə fəlakətinə səbəb olmuş, 15 mindən çox insan həyatını itirmişdi.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.