Bakı metrosunda böyük TƏHLÜKƏ: Ölümlərə səbəb olan NƏDİR? - EKSPERT

Bakı metrosunda böyük TƏHLÜKƏ:
Gündəm 17-01-2025 - 12:15
 111

Bakı metrosu uzun illərdir paytaxt sakinlərinin və şəhərə gələn qonaqların əsas nəqliyyat vasitələrindən biri olaraq fəaliyyət göstərir. Lakin şəhərin sürətlə böyüməsi və əhalinin artması fonunda metroda sərnişin axınının idarə edilməsi ciddi problemlər yaradır.

Əsasən Sovetlər İttifaqı dövründə inşa edilən stansiyaların infrastrukturunun müasir tələblərə cavab verməməsi, stansiyaların ölçülərinin məhdudluğu, platformaların sərnişin tutumunun aşağı səviyyədə olması və qatarların yalnız beş vaqondan ibarət olması bu problemləri daha da dərinləşdirir.

Xüsusilə, günün pik saatlarında stansiyalarda yaranan sıxlıq həm sərnişinlər üçün narahatlıq yaradır, həm də təhlükəsizlik baxımından ciddi risklər ortaya qoyur. Bu gün İçərişəhər, Sahil və 28 May kimi mərkəzi stansiyalar daha çox yüklənmə ilə üzləşir. Bu isə nəqliyyatın digər növlərinə keçidin artmasına, hətta bəzi sərnişinlərin metronu tərk etməsinə səbəb olur.

Problemin həll yolları barədə nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov Ajans.az-a açıqlamasında Bakı metrosunda mövcud problemlərin səbəbləri və onların həlli yolları ilə bağlı təkliflər irəli sürüb. Onun sözlərinə görə, sıxlıq və təhlükəsizlik məsələlərinin aradan qaldırılması üçün müasir texnologiyaların tətbiqi qaçılmazdır:

"İçərişəhər, Sahil, 28 May kimi stansiyaların sərnişin tutumu ilə Koroğlu və ya Ulduz stansiyalarının tutumu eyni deyil. Bu, xüsusilə platformaların ölçüləri və qatarların yalnız 5 vaqon tipində olması ilə bağlıdır. Bu cür məhdudiyyətlər sərnişindaşıma prosesində gərginliyə səbəb olur. Platformalarda müasir texnologiyaların tətbiqi ilə sıxlıq problemini həll etmək mümkündür," - deyə ekspert vurğulayıb.

"Xüsusilə, şüşə çəpərləmə sistemlərinin istifadəsi sıxlıq olan stansiyalarda təhlükəsizliyi təmin edə bilər. Bu sistemə əsasən, qatar platformaya daxil olduqdan sonra şüşə arakəsmələr açılır və sərnişinlər təhlükəsiz şəkildə qatara minib-düşə bilirlər".

Ekspert əlavə edib ki, sərnişinlərin bir çoxu alternativ nəqliyyat vasitələrinə üstünlük verir, çünki metrodan istifadə edənlər arasında vaxt itkisi və təhlükəsizliklə bağlı narahatlıqlar mövcuddur. Məhz bu səbəbdən, stansiyalarda yeni işəsalma texnologiyalarının tətbiqi vacibdir:

"Məsələn, stansiyalarda mövcud olan sarı xətlərin üzərinə işıq və səs siqnalizasiya qurğularını quraşdırmaq mümkündür. Bu sistem sərnişinlərə stansiyada hərəkətlə bağlı bildirişlər göndərə bilər və daha təhlükəsiz mühit yaradar," - deyə Əsədov əlavə edib.

Bakı metrosunda sıxlıq və təhlükəsizlik problemlərini həll etmək üçün müasir innovativ texnologiyaların tətbiqi zəruridir. Şüşə çəpərləmə sistemləri, siqnalizasiya qurğuları və platformaların optimallaşdırılması sərnişinlərin rahatlığı və təhlükəsizliyini təmin edə bilər. Bu addımlar həm də metronun şəhər nəqliyyatında daha səmərəli alternativə çevrilməsinə kömək edəcək.

Aqil Qarayev
Vəzifəsi: Müxbir
PAYLAŞ: