Azərbaycanda ar-arda 3 zəlzələ baş verdi: Bu ərazilər daha aktivdir! - RƏSMİ

Azərbaycanda ar-arda 3 zəlzələ baş verdi:
Gündəm 16-10-2024 - 10:56
 904

Azərbaycanda son sutkada 3 zəlzələ qeydə alınıb. Ötən axşam Cəlilabad rayonunda zəlzələ qeydə alınıb.  Məlumata görə, oktyabrın 15-də yerli vaxtla saat 19:03-də qeydə alınan yeraltı təkanların maqnitudası 3.6-ya bərabər olub. Zəlzələnin ocağı 36 kilometr dərinlikdə yerləşib. Zəlzələ Biləsuvarda da hiss olunub. Bu gün səhər saatlarında isə Ağdaşda və Xəzər dənizində zəlzələ baş verib. 3.1 bal gücündə olan zəlzələ bu gün yerli vaxtla 08:47 radələrində qeydə alınıb.

Azərbaycanda son sutkada qeydə alınan üç zəlzələ ölkənin seysmik fəallığını bir daha gündəmə gətirib. Zəlzələlərin təkrarlanması insanlarda daha güclü təkanların baş verə biləcəyi qorxusunu artırır.

Maraqlıdır, daha güclü bir zəlzələnin baş vermə ehtimalları artıbmı?

Məsələ ilə bağlı danışan Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli Ajans.az-a bildirib ki, Azərbaycanda 3 ballıq xırda təkanların baş verməsi normal hadisədir:

“Azərbaycan tektonik ərazidə yerləşir və xırda təkanların baş verməsi normal haldır. 3, 4 hətta 5 ballıq zəlzələdən belə qorxmağa ehtiyac yoxdur. Tektonik ərazilərdə yaşadığımız üçün belə zəlzələlərin baş verməsi adi qarşılanmalıdır. Dağıntıya yol aça biləcək zəlzələnin olması mümkün deyil. Ən pis halda rayon və ya kənd yerlərində çay daşından tikilən kiçik tikililərdə hansısa zərər ola bilər”.

Qurum rəsmisi bildirib ki, bundan da daha güclü zəlzələlər - 3, 4 və ya 5 ballıq zəlzələlər ola bilər, amma bu normaldır. Onun sözlərinə görə, bu zəlzələlər yer qabığının təbii proseslərinin nəticəsidir və böyük zəlzələ ehtimalını artıran əsas göstərici hesab olunmur:

“Lakin yenə də Azərbaycanda zəlzələlərin nə vaxt və hansı gücdə baş verəcəyini dəqiq proqnozlaşdırmaq mümkün deyil. Xüsusilə Zaqatala, Şamaxı və Lənkəran kimi bölgələr tarixi baxımdan seysmik cəhətdən aktiv zonalar kimi tanınır. Baş düşüləndir ki, zəlzələlərin təkrarlanması təbii proses olsa da, bu vəziyyət bir çox insanı daha güclü təkanların baş verə biləcəyindən ehtiyatlandırır. Zəlzələlərin bu cür ardıcıl baş verməsi yer qabığının enerji boşaltma prosesidir və bu, avtomatik olaraq böyük zəlzələnin olacağı anlamına gəlmir”.

Aqil Qarayev
Vəzifəsi: Müxbir
PAYLAŞ: