Azərbaycana söyüşlə hücum edən muzdlular - Ziyalılar niyə susur?

Azərbaycana söyüşlə hücum edən muzdlular -
Siyasət 19-02-2025 - 21:00
 81

Tanınmış jurnalist, siyasi şərhçi Azər Həsrət Ajans.az-ın baş redaktoru Tural Müseyibovun suallarını cavablandırıb.

Müsahibəni təqdim edirik:

Azərbaycana və rəsmilərinə qarşı bəlli bir qrupun Avropada oturub sosial platformalardan istifadə edərək şər-böhtan yağdırmasına təkan verən əsas qüvvə kimlərdir?

Amerikada və Avropada oturub Azərbaycan hakimiyyətinə və ölkədə öndə olan adamlara şər atan bir qrup fəaliyyət göstərir ki, bu qrupun arxasında bəzən Qərb dövlətləri, bəzən Moskva və Tehran dayanır. Əslinə qalanda bu üçlü həmahəng hərəkət edir. Əsas məqsəd Azərbaycan hakimiyyətini və dövlətini gözdən salmaqdır. Onlar istəyirlər ki, bütün bu kateqoriyadan olan adamlar bezib kənara çəkilsin və meydan boş qalsın, sonra öz çirkin niyyətlərini rahat şəkildə həyata keçirə bilsinlər. Amma bir şeyi unudurlar ki, üzərilərinə gəldikləri adamların heç biri heç vaxt meydandan çəkilməyib, onların çirkin hücumları qarşısında da geri çəkilən deyillər.

Biz necə mübarizə aparmalıyıq?

Əlbəttə ki, onlara qarşı mübarizə aparmağın üsulları, yolları var. Birincisi, Azərbaycan ictimai rəyi belə adamlarla uyğun şəkildə davranmalıdır. Biz bəzən görürük ki, onların sosial media üzərindən etdiyi paylaşımları hətta bilib-bilmədən dəstəkləyən insanlar olur. Onlar ayılmalıdılar, bu yöndə maarifləndirmə işinə gərək var. İkinci bir tərəfdən, mümkün qədər hüquq müstəvisində tədbir görmək vacibdir. Çünki belə adamların yaydıqları şər-böhtan, təhqirdən başqa bir şey deyil. Normal ağıl, tərbiyə çərçivəsində tənqidlər etsələr heç kim inciməz. Amma bunlarınki şər-böhtandır, təhqirdir. Bu da nə Avropada, nə Amerikada, nə də başqa ölkədə qəbul edilən şeylər deyil. Buna görə hüquq müstəvisində addımlar atılması yerinə düşərdi.

Bu şəxslərə qarşı beynəlxalq qaydalara uyğun hüquqi tədbir görülməsi üçün addım atılırmı?

Belə şəxslərlə bağlı beynəlxalq səviyyədə tədbirlərin görülməsi üçün müəyyən addımlar atılıb. Əvvəlki illərdə biz görmüşük xarici ölkələrdə oturub anti-Azərbaycan təbliğatı aparan və təhqirlərə yol verən adamlar qandallanaraq ölkəmizə gətiriliblər. Düzdür belə hallar azdır, amma olub. Ümid edək ki, yenə belə tədbirlər görüləcək və onlar da günün birində əli qandallı Azərbaycan ədliyyəsinin qarşısında durmalı olacaqlar. Necə ki, illər əvvəl torpaqlarımızı işğal edən ermənilərin Bakıda məhkəməsi keçirildi. O ünsürlərin də mütləq bir gün Bakıda məhkəməsi keçiriləcək.

Bu şəxslərin etdikləri mübarizə yox əxlaqsızlıqdır. Bu gün Azərbaycan ziyalıları bu şəxslərə qarşı mübarizə aparırmı?

Təəssüflə qeyd etmək istəyirəm ki, Azərbaycan ictimai rəyinin önündə olan ziyalı kəsimə aid insanların əksəriyyəti belə şəxslərə qarşı mübarizədə özünü göstərmir. Bu adamlar çəkinirlər, bəzilərindən mən özüm soruşmuşam ki, niyə bu məsələlərdə siz yaxanızı kənara çəkirsiniz? Cavab verirlər ki, bizi söyürlər, utanırıq, çəkinirik. Təsəvvür edin, ziyalı dediklərimiz yaxasını kənara çəkirsə, başqa adamlardan biz nə gözləyək? Çox təəssüflə qeyd etməliyəm ki, əksəriyyəti bu məsələdə ayıb sayılacaq dərəcədə seyirci mövqeyindən çıxış edirlər. Halbuki ziyalı dediyimiz şəxs istənilən prosesdə öndə getməlidir, başqaları üçün mayak rolu oynamalıdır.

Bir sıra millət vəkilləri belə susub səsini çıxarmır. Necə düşünürsünüz, onlar nədən çəkinir?

Əslinə qalanda dövlətin, dövlət rəhbərinin, millətin taleyi masa üzərində olanda hamıdan öncə millət vəkillərinin səsi çıxmalıdır. Təəssüflər olsun ki, Azərbaycan parlamentinin üzvlərinin böyük əksəriyyəti bu cür proseslərdə ümumiyyətlə gözə dəymir. Şəxsən mən ictimai rəydə onların adını belə görmürəm, nəinki belə məsələlərə reaksiya versinlər. Bu da bir daha ondan xəbər verir ki, parlamentin tərkibi yetərincə keyfiyyətli deyil. Hətta deyərdim ki, bu dəfəki tərkib belə məsələlərə münasibətdə özündən əvvəlkindən daha keyfiyyətsizdir. Parlamentdə oturanların bir çoxunu ümumiyyətlə Azərbaycan cəmiyyəti tanımır.

Xaricdə oturub bütün dəyərləri heçə sayan, təhqirlər səsləndirən bu şəxslərin əsas məqsədi nədir?

Xarici ölkələrdə oturub Azərbaycana, onun rəhbərinə, xalqın sevdiyi insanlara şər-böhtan atan, qara yaxan adamların məqsədi cəmiyyəti aşındırmaqdır. Onlar istəyirlər ki, burada qarışıqlıq olsun, əxlaq, tərbiyə olmasın, insanlar bir-biri ilə aqressiv davransın və s. Ortalıqda bulanıq su olsun ki, bunlar da balıq tutsunlar. Ümumiyyəntə onlar anti-Azərbaycan mövqeyində duraraq bizim milli-mənəvi dəyərlərimizi aşındırmağa xidmət edən mərkəzlərin qulluğundadırlar. Bu mərkəzlər bir qayda olaraq milli-mənəvi dəyərlərimizi hədəf alırlar, çünki başa düşürlər ki, Azərbaycanda dövlət, xalq milli-mənəvi dəyərlərə çox həssasdır və bu dəyərləri gözdən salmaqla bizi gözdən salacaqlarını düşünürlər.

Ölkə daxilində bu şəxslərə dəstək verənlər varmı? Hətta məlumata görə Avropada olan bu şəxslərin kart hesabına Azərbaycandan pul göndərib sifariş verənlər də var.

İllər öncə də mən bu fikirləri səsləndirmişəm, indi də əminlik hissi ilə vurğulamaq istəyirəm ki, həqiqətən də Azərbaycanın içindən bu adamlarla daimi təmasda olanlar var. Hətta onların hərəkətə keçməsi üçün "düyməyə" basanlar var, sifariş göndərənlər var.

Bu cür şəxslərə qarşı daha fəal olub effektiv nəticə əldə etmək üçün hansı addımlar atılmalıdır?

Onlara qarşı mübarizədə daha effektiv nəticə əldə etmək üçün Azərbaycan dövlət səviyyəsində, hüquqi müstəvidə məhkəməyə müraciət etməlidir. Bu adamlar konkret ölkələrdə oturublar və həmin ölkənin qanunverciliyi altında fəaliyyət göstərirlər. Azərbaycan həmin dövlətlərlə danışıqlar aparmalıdır. Bunun üçün bizim dövlətin imkanı da var.

Dövlətlərarası münasibətlərdən də istifadə edilməlidir. Niyə Almaniya, ABŞ və ya Fransanın dövlət qurumları ilə bizim müvafiq qurumlar bu məsələdə işləməsin? Rusiya və İranı demirəm, çünki o ölkələrlə bu prosrsləri idarə etmək onsuzda mümkün deyil. Onlarla hüquq və ya diplomatik müstəvidə anlaşmaq bir az alınmır. Amma Avropa və ABŞ-ni inandırmaq mümkündür.

Ajans.az

Ajans.az
Vəzifəsi: Redaktor
PAYLAŞ: