Aviaqəza ilə bağlı hansı ölkənin məhkəməsi qərar verməlidir?

Aviaqəza ilə bağlı hansı ölkənin məhkəməsi
Anar Məmmədov
Gündəm 26-12-2024 - 12:23
 239

AZAL-a məxsus Bakı (Azərbaycan) – Qroznı (Rusiya) reysini həyata keçirən təyyarənin 25 dekabr 2024-cü il tarixində Qazaxıstan Respublikasının ərazisində faciəvi şəkildə qəzaya uğraması, nəticədə çoxsaylı insanların vəfat etməsi cəmiyyətin hər bir normal üzvünü sarsıtdı. Allah ölənlərə rəhmət etsin, yaralılara isə can sağlığı versin.

Bu sözləri Ajans.az-a açıqlamasında Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil Anar Məmmədov deyib.

O bildirib ki, "vəkil olaraq bu məsələyə hüquqi baxımdan da yanaşıram və bir məsələ ilə bağlı fikirlərimi bölüşmək istərdim.

Məlum olduğu kimi Azərbaycan Respublikasının Baş Prokurorluğu faktla bağlı cinayət işi başlayıb və bu da doğrudur, çünki hadisə araşdırılmalı və təqsiri müəyyən olunan və sübuta yetirilən şəxs(lər) cəzasını çəkməlidir. Amma mediadan alınan məlumata görə Qazaxıstanda da Nəqliyyat Prokurorluğu tərəfindən cinayət işi başlanıb və istintaq hərəkətləri aparılır.

Bu da hadisənin məhz Qazaxıstan ərazisində baş verdiyi üçün məntiqlidir. Lakin sual yaranır – nəticədə cinayət işi harada istintaq olunmalı və təqsirləndirilən şəxs müəyyən olunarsa hansı ölkənin məhkəməsi qərar verməlidir. Qeyd olunmalıdır ki, bir faktla bağlı iki və daha çox araşdırma aparıla bilməz, ona görə bir ölkədə, cəmi bir araşdırma olmalıdır.

Ölkəmizin qanunvericiliyinə görə Azərbaycan Respublikasının hava və ya dəniz limanında qeydiyyatda olan, Azərbaycan Respublikasının Dövlət bayrağı və ya tanınma nişanı altında Azərbaycan Respublikasının hüdudlarından kənarda açıq sularda və ya hava fəzasında hərəkət edən su və ya hava gəmisində cinayət törətmiş şəxs bu Azərbaycan Respublikasının Cinayət Məcəlləsi (bundan sonra “CM”) əsasında cinayət məsuliyyətinə cəlb edilir.

Eyni zamanda CM-nin 12.2-ci maddəsinə əsasən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının hüdudlarından kənarda Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasının maraqlarına (mənafelərinə) qarşı cinayət törətdikləri halda, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda və bu cinayətə görə xarici dövlətdə məhkum olunmadıqda, bu Məcəllə əsasında cinayət məsuliyyətinə cəlb edilə bilərlər.

Beləliklə, sual yaranır: bu cinayət işi üzrə istintaq və məhkəmə prosesi hansı ölkədə aparılmalıdır? Cavab vermək üçün biz tək milli qanunvericiliyi deyil, həm də milli qanunvericilikdən üstün olan beynəlxalq hüquq normalarını bilməliyik.

Azərbaycan və Qazaxıstan 1944-cü il Beynəlxalq Mülki Aviasiya Konvensiyasının (Çikaqo Konvensiyası) iştirakçılarıdır və bu Konvensiyaya əsasən, hava gəmisinin iştirakı ilə hadisə baş verdikdə, hadisənin baş verdiyi dövlət öz qanunvericiliyinə uyğun olaraq istintaq təyin edir. Hava gəmisinin qeydiyyata alındığı ölkənin istintaqda iştirak etmək üçün müşahidəçilər təyin etmək imkanı verilir və istintaq aparan dövlət həmin dövlətə istintaqın hesabatını və nəticələrini göndərir.

Odur ki, Aktau şəhərində Azərbaycan aviaşirkətinə məxsus təyyarənin qəzaya uğraması faktı üzrə cinayət təqibi Qazaxıstanda aparılmalı və bundan sonra hesabat Azərbaycana göndərilməlidir".

https://www.instagram.com/anarmammadov.lawyer?utm_source=ig_web_button_share_sheet&igsh=ZDNlZDc0MzIxNw==

Aytac Əsəd
Vəzifəsi: Müxbir
PAYLAŞ: