Alman ordusuna dair hesabat Berlini HƏYƏCANLANDIRIR - Xəbərdarlıq EDİLDİ

ABŞ-nin Ukrayna və Yaxın Şərqdəki müharibələrdə tutduğu mövqedən narahatlığını ifadə edən Almaniya Bundestaqının Federal Ordu komissarı Eva Höql Almaniya ordusunun “kiçilən və qocaldığı” barədə xəbərdarlıq edib.
Ajans.az xəbər verir ki, Almaniya Bundestaqının Federal Ordu nümayəndəsi Eva Högl paytaxt Berlində keçirdiyi mətbuat konfransında Almaniya ordusu ilə bağlı 2024-cü il hesabatını təqdim edib.
Högl, kifayət qədər sayda tam hazırlıqlı şəxsi heyətin Alman ordusunun müdafiə qabiliyyətinin açarı olduğunu, lakin buna baxmayaraq, “2031-ci ildə 203 min əsgər” hədəfinin hələ də reallaşmaqdan uzaq olduğunu bildirib. Alman ordusunun 2024-cü ilin sonu etibarilə 181 min 174 əsgəri olduğunu qeyd edən Höql, bu rəqəmin 2023-cü ilə nisbətən 340 nəfər azaldığını bildirib. Orduda orta yaşın 34 olduğunu deyən Eva Höql, "Alman ordusu azalır və qocalır. Bu inkişafın qarşısı alınmalı və təcili olaraq geri qaytarılmalıdır" ifadələrini işlədib.
Höql 2024-cü ilin iyununda müdafiə naziri Boris Pistoriusun gələcəkdə qoşun sayını artırmaq üçün təqdim etdiyi planı dəstəkləyib və onun sürətlə həyata keçirilməsinə çağırıb. Höql vurğulayıb ki, 2011-ci ildə dayandırılan məcburi hərbi xidmət eyni formada bərpa oluna bilməz, çünki bu məqsədlə kifayət qədər təlim yerləri və təlimatçılar yoxdur.
Höql kazarmaların və digər hərbi binaların hələ də bərbad vəziyyətdə olduğunu, həmçinin işləyən avadanlıq və ehtiyat hissələrin çatışmazlığının da qismən Ukraynaya göstərilən dəstəkdən qaynaqlandığını bildirib.
“Alman ordusunun böyük pula ehtiyacı var və bu məsələ hazırda intensiv şəkildə müzakirə olunur”. Höql, bu pulun ordunun gələcəyinə, texnologiyaya, insansız hava vasitələrinə, peyklərə, hava hücumundan müdafiəyə, rəqəmsallaşmaya və süni zəkaya yatırılmasını istəyib.