ABŞ-nin GƏRGİNLİK arzusu: Ermənistan Azərbaycan sərhədinə xüsusi MÜHAFİZƏ QRUPU göndərilir

ABŞ-nin GƏRGİNLİK arzusu:
Gündəm 14-01-2025 - 23:05

ABŞ Dövlət Katibi Entoni Blinkenin Ermənistanla bağlı verdiyi son bəyanat regionda böyük rezonans yaradıb. Bəyanata görə, ABŞ gələn həftə Ermənistanın sərhəd təhlükəsizliyini təmin etmək üçün xüsusi sərhəd mühafizə qrupu göndərəcək. Bu addım Cənubi Qafqazda təhlükəsizlik və siyasi balansın dəyişməsi baxımından vacib bir hadisə kimi qiymətləndirilir. ABŞ-ın bu qərarı regiondakı gərgin münasibətlərə necə təsir edəcək? Azərbaycanın bu addıma reaksiyası nə olacaq? Bu suallar hazırda geniş müzakirə mövzusudur.

Məsələ ilə bağlı Ajans.az-a danışan Sosial Tədqiqatlar Mərkəzinin Media və Kommunikasiya Departamentinin rəhbəri Əziz Əlibəyli bildirib ki, ABŞ və Ermənistan arasında hərbi müqavilə imzalanıb. Bu isə ABŞ hərbi qüvvələrinin bölgəyə yeridilməsinə əsas yaradır.Bunun üçün də təhlükəsizlik faktoru əsaslandırılmalıdır. Yəni, sərhəd məsələsi gündəmə gətirilir və ABŞ-nin indiki hakimiyyətinin nəzərində Ermənistan sərhəddində Azərbaycan təhlükəsi var. Deməli ABŞ hərbi mütəffiq kimi Ermənistanın yanında olmalıdır. İkincisi, bu müqavilə Ermənistan-Azərbaycan əlaqələrinə mənfi təsir göstərəcək. Çünki burada nəzərdən keçirilmiş sərhəd təhlükəsizliyi məsələsi, yeni sərhəd istehkamlarının tikilməsini zəruri edir. Ermənistanın Azərbaycana qarşı sərhəd təhlükəsizliyi və tez-tez atəşkəs halları baş verdiyindən biz Ermənistan təxribatıyla üz-üzə qalacağıq.

 Belə olduqda adekvat cavab verdiyimiz halda dərhal ABŞ-nin əks addımıyla üzləşmiş oluruq. ABŞ-nin bu addımı regionda gərginliyi azaltmaq üçün deyil, əksinə artırmaq və bölgədə Birləşmiş Ştatlar olaraq Rusiyanı əvəz eləmək iddiasından qaynaqlanır. Şübhə yoxdur ki, necə ki, zamanında Gürcüstan və Ukrayna ilə də mütəffiqlik edib onların da taleyini çox bərbad günə qoydular, eləcə də Ermənistandan da bir Gürcüstan və ya Ukrayna yaratmağa çalışırlar.

Azərbaycan tərəfinin rəsmi münasibəti çox güman yaxın zamanda açıqlanacaq. Azərbaycan bu məsələyə Brüssel görüşü zamanı onsuz da münasibət bildirmişdi ki, ABŞ və Ermənistan arasında imzalanmış bu saziş Azərbaycan Ermənistan əlaqələrinə və sülh danışıqlarına ciddi zərbədir.

Mən belə hesab edirəm ki, Azərbaycanın bu məsələylə bağlı kəskin mövqeyi olacaq. Lakin onu da qeyd etmək lazımdır ki, 6 gün ərzində Bayden adminstrasiyasının qaçaraq şəkildə imzaladığı bu saziş Tramp dönəmində ətə-qana gələcəkmi?  Bu sual altındadır.

Cahan Seyidzadə
Vəzifəsi: Müxbir
PAYLAŞ: