ABŞ Ermənistana qoşun yerləşdirsə, bunlar olacaq - ŞOK DETALLAR

ABŞ Almaniyadakı hərbçi və texnikalarını Ermənistanda yerləşdirəcək. Bu iddia ilə “RT” nəşri çıxış edib. İddialara münasibət bildirən ABŞ Müdafiə nazirliyi bunu nə təsdiq, nə də təkzib edib.
Mövzu ilə bağlı Ajans.az-a danışan politoloq Oqtay Qasımov bildirib ki, ABŞ-nin NATO-da müttəfiqi olan Almaniyadan hərbiçilərinin çıxarılıb Ermənistana yerləşdirilməsi kifayət qədər ciddi bir məsələdir:
“Nəzərə alsaq ki, ABŞ Avropanın təhlükəsizliklə bağlı məsələlərdən müəyyən qədər geri çəkilməyə başlayıb və bunu onunla əlaqələndirir ki, Avropa öz təhlükəsizliyi üçün yetərli maliyyə vəsaitləri xərcləmir.
Bu məsələ öz təsdiqini taparsa, bu, region üçün kifayət qədər ciddi risklər yarada bilər. Belə ki, Ermənistan faktiki olaraq ərazisində bir neçə ölkənin hərbi missiyasını yerləşdirmiş ölkə statusu qazanacaq. Hazırda Ermənistanla Rusiyanın hərbi bazası var. Bundan başqa, Avropa İttifaqının yarım hərbi missiyası Ermənistanda fəaliyyət göstərməkdədir. ABŞ hərbçiləri də bura gələcəksə, onda vəziyyət necə olacaq? Bu, olduqca problemli və mürəkkəb bir məsələdir”.
Politoloq onu da vurğulayıb ki, ABŞ hərbçilərinin yerləşdiriləcəyi deyilən ərazi Azərbaycanın maraqlarına toxunan məsələdir.
“Belə ki, ermənilərin "Zar" dediyi ərazi əslində Kəlbəcərlə sərhəddə olan Göyçədəki Zar kənddidir. Buna görə bu məsələlər Azərbaycan tərəfindən diqqətlə izləniləcək. Bir daha qeyd edim ki, əgər bu məlumatlar öz təsdiqini taparsa, regiondakı proseslərin bundan sonra hansı istiqamətdə inkişaf edəcəyini təxmin etmək çox çətindir.
ABŞ-nin bölgəyə yerləşməsi ilə İrana təzyiq artacaq və İran-Ermənistan münasibətləri xeyli kəskinləşəcək. Bundan başqa, Rusiya-Ermənistan münasibətlərində müəyyən gərginlik yarana bilər. Hər halda, hesab edirəm ki, bu cür məsələlər əgər Putinlə danışıqlar aparılarsa və bu danışıqlar telefon vasitəsilə deyil, canlı, üz-üzə olarsa, o zaman bir çox məsələlərlə bağlı tərəflər arasında daha aydın nəticələr əldə oluna bilər”.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.