ABŞ-də qəzaya uğrayan təyyarədə rusiyalı dünya çempionları OLUB
1994-cü ildə Rusiya milli komandasının tərkibində fiqurlu konkisürmə üzrə cütlük dünya çempionları Yevgeniya Şişkova və Vadim Naumov Vaşinqtonda qəzaya uğrayan təyyarənin göyərtəsində olublar.
Ajans.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Son illərdə Naumov və Şişkova ABŞ-də məşqçi kimi çalışıblar. Rusiyada karyerasını başa vurduqdan sonra cütlük ABŞ-yə köçüb və məşqçiliyə başlayıb. Onların oğlu Maksim ABŞ milli komandasında oynayır.
Öz növbəsində amerikalı idmançı Luke Vanq qəzaya uğrayan təyyarənin göyərtəsində konkisürənlərin olduğunu təsdiqləyib.
“Viçitadan DC-yə uçan hər kəs üçün dua edirəm. Bu, sadəcə, ürəyimi parçalayır”, o, sosial şəbəkələrdə yazıb. “The Kansas City Star” qəzetinin yazdığına görə, Vanq və başqaları hadisə barədə ABŞ Fiqurlu Konkisürmə Federasiyası tərəfindən SMS vasitəsilə məlumatlandırılıb.
Yanvarın 20-dən 26-dək Viçitada fiqurlu konkisürmə üzrə ABŞ çempionatı keçirilib. Bəzi gənc idmançılar yanvarın 28-dək şəhərdə qalıblar.
RT qeyd edir ki , Vaşinqton üzərində təyyarə qəzası son onilliklərdə qurbanların sayına görə ABŞ-də ən böyük təyyarə qəzası ola bilər .