Ölkəni Silkələyən qətllə bağlı ŞOK DETALLAR - Öldürmə siqnalları necə ortaya çıxır?
Son günlərdir ki, Türkiyə gündəmində qadın qətllərinin işıqlandırılması geniş vüsət alıb. Buna səbəb isə, İstanbul şəhərinin Fatih rayonunda baş verən dəhşətli hadisədir. Belə ki, Semih Çelik adlı şəxs İkbal Uzuner adlı qadının başını bıçaqla kəsərək Edirnekapı qala divarlarından aşağı atıb. Bundan əlavə, S. Çelik Eyüpsultan rayonunda da 19 yaşlı Ayşenur Halil qızı qətlə yetirib. Daha sonra Çelik boğazına ip keçirib və özünü qala divarlarından aşağı ataraq intihar edib.
Hadisədən sonra edilən araşdırmalarda müxtəlif nüanslar üzə çıxıb. Bəlli olub ki, Semih bu dəhşətli planı əvvəlcədən düşünüb. Onun evində axtarış edən polislər qəribə detallarla dolu olan dəftər ortaya çıxarıb. Həmin dəftərdə içində qara qələmlə çəkilmiş, parçalanmış insan fiqurları öz əksini tapıb. Qatilin polisdə üç ayrı cinayət qeydiyyatı da olduğu öyrənilib. Həmçinin Bakırköy Mazhar Osman Ruh və Sinir Xəstəlikləri Xəstəxanası, Eyüp Ruh Sağlamlığı Mərkəzi və Cerrahpaşa Ruh və Sinir Xəstəlikləri Xəstəxanasında müalicə alan qatil Semih Çelikin ciddi psixoloji problemləri olduğu iddia edilib. 5 dəfə müalicə alan Çelikin necə evə buraxıldığı ilə bağlı Respublika Prokurorluğu tərəfindən istintaq başladılıb. Cinayətkarın bir il öncə paylaşdığı video da marağa səbəb olub. O, videoda nəhayət öldüyünü və ölmədən öncə can almaq istədiyini qeyd edib. (Sözügedən video xəbərin sonunda paylaşılıb)
Maraqlı nüanslardan biri də odur ki, sosial media istifadəçiləri qatili Riçard Ramirezə (The night stalker – red) bənzədib. Hətta Ramirez də həm serial qadın qatili, həm də təcavüzçü olub.
Daha da acınacaqlı olan vəziyyət odur ki, bu tip cinayətlər nəinki Türkiyədə, dünyanın hər yerində baş verir. Hər gün qadın, uşaq, kişi, yaşlı, cavan demədən onlarla, yüzlərlə insan öldürülür. Hətta bu cinayətlərdən bəziləri hələ də üstü açılmamış olaraq qalır. Yolda gedərkən növbəsini bizə verən, avtobus dayanacağında bizimlə bərabər avtobus gözləyən, mağazada bizə baxıb gülümsəyən və ya gündəlik olaraq sadəcə göz-gözə gəldiyimiz insan belə acımasız qatil ola bilər, və biz bundan heç vaxt xəbərdar olmaya bilərik.
Bəs, bu tip psixoloji problemləri necə müəyyənləşdirmək olar? Əsas simptomlar hansılardır? Problemin qarşısını almaq üçün yollar varmı?
Məsələ ilə əlaqədar Ajans-a açıqlama verən psixoloq Gülnar Orucova bildirib ki, bu cür insanlar psixopotlardır və hər şeyi əvvəlcədən planlayırlar:
“Onlar qisas almaq məqsədi ilə yaşayır. Bir insanın əsl üzünü tanımaq istəyirsinizsə, onu hirsləndirin. O zaman onun əsl kimliyi ilə tanış olacaqsınız. İnsan əsəbiləşərkən onun içindəki bütün kin, aqressiya, sizə qarşı olan əsl davranışları üzə çıxır. Biz hər zaman sözlərə inanırıq. Amma davranışlara fikir vermirik. Sözlər inamın 30 faizidir, davranışlar isə 70. “Bu sözü dedi”, yerinə “bu hərəkəti etdi” deməliyik. Baxın, nişanlılıq dönəminə baxıram ki, insanların çoxu üzüyü qaytarır. Niyə? Çünki əsl üzlər ortaya çıxır. Bir insanı tanımaq üçün onunla vaxt keçirmək lazımdır. Xüsusilə də keçmişinə, yaşantısına və ən əsası atası ilə davranışına baxmaq lazımdır. Atanın rəftarı çox önəmlidir. Bəzən görürük ki, atasından zülm görən uşaqlar cəmiyyətə də zülm daşıyırlar. Sevgi ilə böyüyənlər də isə tam əksi olur”
Psixoloq həmçinin fikirlərinə əlavə olaraq qeyd edib ki, sevginin müxtəlif növləri var:
“Psixopat insanların danışığına fikir versək, problemli olduqlarını anlaya bilərik. Sevgi müxtəlif yollarla nümayiş etdirilir. İnsan var, qucaqlayır, öpür, dişləyir və s. İnsan da var ki, səni sıxır, incidir, şiddət göstərir və bunu sevgi adlandırır. Bu sevgi deyil. Bundan əlavə, bəzi tip ailələr var ki, uşaqlarına zamanında travmalar yaşadıb, həmin travmalarla böyüyən uşaqda sadist tipaj, mazaxistlik olur. Yəni insanlara əziyyət verməyi sevirlər. Mütləq davranışlara baxmaq lazımdır. Psixopat insan çox qısqanc olur. Şər atmağı sevirlər. Onların qısqanclığında belə bir aqressiya hiss edilir. Qısqanclığın belə bir qədəri var. Hər duyğunun bir həddi olmalıdır. Heç kəsi həyatının mərkəzinə qoymaq lazım deyil. Bəlkə də həmin oğlan (Semih Çeliki nəzərdə tutur) o qızı həyatının mərkəzinə qoyub. Həyatından bezib və ölmək istəyərkən belə başqasını öldürməyi planlaşdırıb. Son olaraq onu deyim ki, aşırı qısqanclıq paranoyaları da özü ilə gətirir”.