Lazer epilyasiya xidmətinə lisenziya tələb olunmur- HÜQUQŞÜNAS

Lazer epilyasiya və depilyasiya xidmətləri göstərən şəxslərin lisenziya alınmalıdır adı altında incidilməsi, sorğu-sual edilməsi barədə məlumat vermişdik.
Bu xidmətin hüquqi cəhətdən lisenziyalaşdırılan fəaliyyət hesab edilməməsi barədə hüquq üzrə fəlsəfə doktoru, dosent Kərimov Bəhruz Ajans.az-a müsahibə verib.
Hüquqi cəhətdən lazer epilyasiyası (depilyasiya) xidməti lisenziyalaşdırılan fəaliyyət hesab edilmir.
Ona görə ki:
1. Həmin xidmət lisenziyalaşdırılan fəaliyyət növlərinin siyahısında yer almayıb (müvafiq siyahı «Lisenziyalar və icazələr haqqında» 2016-cı il 15 mart tarixli Qanuna 1 nömrəli Əlavədə nəzərdə tutulub).
2. «Lisenziyalar və icazələr haqqında» 2016-cı il 15 mart tarixli Qanuna 1 nömrəli Əlavədə (lisenziya tələb olunan fəaliyyət növlərinin siyahısında) nəzərdə tutulan özəl tibb fəaliyyəti lazer epilyasiya (depilyasiya) xidmətini özündə ehtiva etmir. Başqa sözlə, lazer epilyasiya (depilyasiya) xidməti tibbi xidmət sayılmır.
“Özəl tibb fəaliyyəti haqqında” 30 dekabr 1999-cu il tarixli Qanunun 1-ci maddəsinin 7-ci abzasında tibbi xidmətə anlayış verilir. Qanuna görə tibbi xidmət dedikdə müqavilə üzrə müəyyən növ və həcmdə göstərilən əvəzi ödənilən tibbi yardım başa düşülür. Göründüyü kimi, tibbi xidmət tibbi yardım deməkdir. Qanunun 1-ci maddəsinin 6-cı abzasında tibbi yardımın nədən ibarət olduğu, yəni onun məzmunu açıqlanır. Qanuna görə tibbi yardım dedikdə xəstəliklərin, zəhərlənmələrin, travmaların profilaktikası və diaqnostikası, xəstələrin müalicəsi və reabilitasiyası, hamiləliyin müşahidəsi, doğuşun qəbulu və doğuşdan sonrakı dövrlərin müşahidəsi anlaşılır. Bu anlayışdan tamamilə aydın olur ki, lazer epilyasiya (depilyasiya) xidməti tibbi xidmətlər (tibbi yardım) sırasına aid deyil. Yəni, lazer epilyasiya (depilyasiya) xidməti xəstəliklərin, zəhərlənmələrin, travmaların profilaktikası və diaqnostikası, xəstələrin müalicəsi və reabilitasiyası xidməti anlamını daşımır. Başqa sözlə, tibbi xidmət (tibbi yardım) xəstəliklərin (xəstələrin) müalicəsini (profilaktikasını və diaqnostikasını) nəzərdə tutursa, lazer epilyasiyası (depilyasiya) xidmətinin xəstəliklərlə (xəstələrlə) heç bir əlaqəsi yoxdur.
3. Nazirlər Kabinetinin 15 may 2017-ci il tarixli 206 nömrəli Qərarı ilə təsdiq edilmiş “Özəl tibb fəaliyyəti üzrə lisenziyalaşdırılan xidmətlərin və işlərin Siyahısı”nın 1 nömrəli Əlavəsinin 2.13.2-ci yarımbəndində kosmetoloji xidmət lisenziyalaşdırılmış tibbi xidmətlər sırasına aid edilmişdir. Lakin kosmetoloji xidmətin anlayışı, yəni həmin xidmətin məzmununun nədən ibarət olması nə “Özəl tibb fəaliyyəti haqqında” Qanunda, nə də Nazirlər Kabinetinin hər hansı qərarında verilib.
Kosmetoloji xidmətin anlayışı və məzmunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 10 iyun 2022-ci il 22050000221 nömrəli Qərarı ilə təsdiq edilmiş “Kosmetoloq” peşə standartında açıqlanır. Peşə standartına əsasən kosmetoloq müxtəlif əl və texniki (invaziv və invaziv olmayan) vasitələrdən istifadə etməklə üz və bədən dərisinin estetik problemlərini həll edən, xarici görünüsü, fiziki formasını və rifahını yaxşılasdırmaq üçün digər kosmetik xidmətlər göstərən sertifikatlı tibb mütəxəssisidir.
Peşə standartında kosmetoloq və kosmetoloji xidmətə dair tələblər öz əksini tapıb. Peşə standartında kosmetoloqun ali və ya orta tibb təhsilinin olması, habelə müvafiq sertifikata və ya diploma malik olması tələbi nəzərdə tutulub. Kosmetoloji xidmətlər siyahısında artıq tüklərin tibbi cihazlarla (lazer epilyasiya, foto epilyasiya) çıxarılması da göstərilib.
Beləliklə, kosmetoloji xidmətlər sırasına lazer epilyasiya (depilyasiya) xidməti də aiddir. Lakin bu o demək deyil ki, lazer epilyasiya (depilyasiya) xidməti tibbi xidmətdir.
Nəzərə almaq lazımdır ki, lazer epilyasiyası (depilyasiya) xidmətini təkcə kosmetoloqlar göstərmir. Bu xidməti lazer epilyasiya və depilyasiya mütəxəssisi də göstərir. Özü də lazer epilyasiya və depilyasiya mütəxəssisinin ayrıca peşə standartı da təsdiq edilmişdir. Belə ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 18 dekabr 2022-ci il tarixli, 20050000179 nömrəli Kollegiya Qərarı ilə təsdiq edilmiş “Lazer epilyasiya və depilyasiya mütəxəssisi” peşə standartında lazer epilyasiya və depilyasiya mütəxəssisinin lazer epilyasiyası (depilyasiya) xidməti göstərmək hüququ nəzərdə tutulub. Peşə standartında kosmetoloqdan fərqli olaraq lazer epilyasiya və depilyasiya mütəxəssisinin tibb təhsilinin olması və müvafiq diploma malik olması tələb edilmir. Onun yalnız lazer-epilyasiya kursunda istirak etməsi və müvafiq sertifikata sahib olması tələbi nəzərdə tutulub.
Beləliklə, lazer epilyasiya (depilyasiya) xidmətini tibb təhsili olmayan, lazer-epilyasiya kursunda istirak edib müvafiq sertifikat alan şəxs həyata keçirə bilər. Bu isə tibb fəaliyyəti sayılmadığına görə həmin xidmətin lisenziyalaşdırılması da tələb olunmur.
Deməli, lazer epilyasiya (depilyasiya) xidməti göstərən şəxsin həmin xidməti həyata keçirməsi üçün lisenziya almasına ehtiyac yoxdur.
4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 31 oktyabr tarixli 178 nömrəli qərarı ilə təsdiq edilmiş “Peşə təhsili üzrə ixtisasların Təsnifatı”nda lazer epilyasiyası və depilyasiya xidmətinə aid ixtisas qrupunun adı və ixtisasın şifri kosmetoloji xidmətlərin ixtisas qrupunun adından və ixtisasın şifrindən fərqlidir. Belə ki, “lazer epilyasiyası və depilyasiya texniki” ixtisasının ixtisas şifri 030210, kosmetoloqunku isə 030220-dir. “Lazer epilyasiyası və depilyasiya texniki” ixtisası “Bərbərlik” ixtisas qrupuna, “kosmetoloq (texnik)” ixtisası isə “Kosmetologiya” ixtisas qrupuna aiddir.
Göründüyü kimi, lazer epilyasiya (depilyasiya) xidməti kosmetoloji xidmətin eyni deyildir, ixtisas qrupları və ixtisas şifrləri də fərqlidir.
“Lazer epilyasiyası və depilyasiya texniki” ixtisasının aid olduğu “Bərbərlik” ixtisas qrupuna daxil olan xidmətlər lisenziyalaşdırılması tələb olunan fəaliyyət hesab edilmir. Ona görə də lazer epilyasiya (depilyasiya) xidmətinin həyata keçirilməsi üçün lisenziya tələb edilməməlidir.
5. Azərbaycan Respublikasının Konstitusiyasının 71-ci maddəsinin 9-cu hissəsinə əsasən hər kəs qanunla qadağan olunmayan hərəkətləri edə bilər və heç kəs qanunla nəzərdə tutulmayan hərəkətləri etməyə məcbur edilə bilməz. Bu, o deməkdir ki, əgər hər hansı xidmətin (işin) həyata keçirilməsi qanunla qadağan edilməyibsə, həmin xidmətin (işin) həyata keçirilməsi azaddır, sərbəstdir. Başqa sözlə, lazer epilyasiya (depilyasiya) xidmətinin göstərilməsi qanunla qadağan edilməyib və belə xidməti zəruri tələblərə riayət edən hər kəs göstərə bilər. Digər tərəfdən, heç kəs qanunla nəzərdə tutulmayan hərəkətləri etməyə (xidmətlər göstərməyə, işlər görməyə) məcbur edilə bilməz. Bu da onu nəzərdə tutur ki, əgər qanunla lazer epilyasiya (depilyasiya) xidmətinin göstərilməsi üçün qanunla lisenziya tələbi qoyulmayıbsa, heç kəs, o cümlədən Səhiyyə Nazirliyi həmin xidmətinin göstərilməsi üçün lisenziyanın alınmasını tələb edə bilməz.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.