Xırdalanda qanunsuz qazıntılar: Sakinlər Narazıdır...

Xırdalanda qanunsuz qazıntılar:
Cəmiyyət 10-03-2025 - 14:09

Xırdalan şəhəri, məhəllə 27, 2a ünvanında yerləşən binanın sakinləri ciddi narahatlıq içərisindədirlər. Onların bildirdiyinə görə, bina tam qəzalı vəziyyətdədir və son vaxtlar ərazidə qanunsuz qazıntı işləri aparılır. Əvvəlcə traktorlarla aparılan bu qazıntılar, sakinlərin etirazları nəticəsində dayandırılıb və torpaq sahəsi bərpa edildi. Lakin indi, diqqət çəkməmək üçün, qazıntılar gecə saatlarında əl belləri və vedrələrlə həyata keçirilir.

Sakinlər söyləyirlər ki, Xırdalanda bəzi dövlət qurumları rüşvət alaraq qanunsuz fəaliyyətlərə göz yumurlar. Fövqəladə Hallar Nazirliyinə edilən zənglərə baxmayaraq, əraziyə heç bir əməkdaş göndərilməyib. Bu vəziyyət sakinləri ciddi narahat edir və onlar özlərini hüquqsuz hiss edirlər.

Şikayətçi Şəhriyar Hüseynli bu gün Fövqəladə Hallar Nazirliyinə və Daxili İşlər Nazirliyinə müraciət edəcəyini bildirib. O, həmçinin, media nümayəndələrindən ərazinin son vəziyyətini işıqlandıraraq onlara dəstək olmalarını xahiş edir. Sosial medianın gücü ilə əvvəlki qazıntıların dayandırıldığını qeyd edən Hüseynli, indi də bu yolla vaxt qazanaraq məsələni tam həll etməyə çalışır.

Sakinlər ümid edirlər ki, media və ictimaiyyətin dəstəyi ilə bu qanunsuz fəaliyyətlər dayandırılacaq, Xırdalanda baş verən özbaşınalıqların qarşısı alınacaq.

Məsələ ilə bağlı Ajans.az olaraq  Abşeron Rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq.

Onlar bildirdilər ki, rayon ərazisində aparılan qanunsuz tikinti işlərinə qarşı mübarizə tədbirləri həyata keçirilib:

''RİH əməkdaşları tərəfindən rayon ərazisində monitorinq keçirilərkən Saray, Masazır kəndlərində, o cümlədən Xırdalan şəhərində qanunvericiliyin tələblərinə uyğun olmayan inşa işlərinin həyata keçirildiyi aşkarlanıb.

Belə ki, Saray və Masazır kəndlərində qeyri-qanuni fərdi yaşayış evlərinin tikintisi aşkarlanıb. İnşa işləri dayandırılıb və sökülüb.

Eyni zamanda Xırdalan şəhəri, Qalubiyyə küçəsi, 27-ci məhəllədə yerləşən 5 mərtəbəli yaşayış binasının qarşısında qanunsuz olaraq qazıntı işlərinin aparılmasının qarşısı alınıb. RİH-in əməkdaşları tərəfindən əraziyə baxış keçirilən zaman məlum olub ki, binanın qeyri-yaşayış sahəsinin qarşısında vətəndaş tərəfindən heç bir icazəverici sənədlər əldə olunmadan gecə saatlarında binanın zirzəmi hissəsində qanunvericiliyin tələblərini pozmaqla ərazidə qazıntı işləri aparılıb. Bununla bağlı RİH əməkdaşları tərəfindən təxirəsalınmaz tədbirlər görülüb, aparılan qeyri-qanuni fəaliyyət dayandırlıb, o cümlədən ərazinin əvvəlki vəziyyətinə qaytarılması istiqamətində işlər görülməkdədir. Görülmüş tədbirlər nəticəsində qazılmış hissə torpaq örtüyü ilə örtülüb və əlavə bərkitmə işləri həyata keçirilir.

Üstəlik sözügedən əraziyə nəzarət tədbirləri gücləndirilib və bu kimi hallara yenidən yol verilməməsi üçün xüsusi tapşırıqlar verilib''.

Qeyd olunur ki, qanunsuzluğa yol vermiş şəxs barəsində inzibati tədbirlərin görülməsi məqsədilə hüquq-mühafizə orqanlarına da müraciət edilib.

Nəzrin Vüqarqızı
Vəzifəsi: Müxbir
PAYLAŞ: