Xırdalan və ətraf ərazilərdə yaşayan vətəndaşların gözlədiyi XƏBƏR: Tarix açıqlandı
Bakı şəhəri və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi çərçivəsində Xırdalan şəhərində yeni yol ötürücüsü tikiləcək. Bu barədə Prezident İlham Əliyevin təsdiq etdiyi 2025–2030-cu illər üçün Dövlət Proqramında qeyd olunub.
Yeni yol ötürücüsü M-4 Bakı−Şamaxı−Yevlax avtomobil yolunu Xırdalan şəhərinin mərkəzi ilə birləşdirəcək. Bununla yanaşı, Dövlət Proqramına əsasən, Xırdalanın M-1 Bakı-Quba–Rusiya Federasiyası ilə dövlət sərhədi və M-4 Bakı−Şamaxı−Yevlax avtomobil yolları ilə əlaqələndirilməsi məqsədilə yol şəbəkəsi də təkmilləşdiriləcək. Plana görə, yol şəbəkəsi 2026-cı ildə, yol ötürücüsü isə 2030-cu ilə qədər istismara veriləcək.
Bəs yeni yol ötürücüsü Xırdalanda tıxac problemini həll edə biləcəkmi?
Məsələ ilə bağlı nəqliyyat sahəsi üzrə ekspert Rauf Ağamirzəyev Ajans.az-a açıqlamasında bildirib ki, bu layihəyə kompleks yanaşmaq lazımdır, Xırdalan istiqamətində tikilməsi planlaşdırılan yol ötürücüsü daha geniş nəqliyyat strategiyasının bir hissəsidir:
"Burada yalnız yeni yol ötürücüsü deyil, həm də şəhər ətrafı dəmir yolu şəbəkəsinin inkişafı, metronun genişləndirilməsi, tramvay xətlərinin çəkilməsi və avtobusların sayının 2800-ə çatdırılması nəzərdə tutulub. Bununla yanaşı, şəhər ətrafı dairəvi yolların çəkilməsi və mikro mobillik səviyyəsinin artırılması da mühüm rol oynayır. Yeni yol ötürücüsü də bu layihənin vacib hissəsidir."
Ekspert qeyd edib ki, bu layihə hələ 2007-ci ildən başlanıb və müxtəlif mərhələlərdə icra olunub. Xüsusilə "Koroğlu" dairəsindən başlayaraq Mərdəkan, Buzovna, Bilgəh və Kürdaxanıya qədər uzanan avtomobil yolu layihəsi 2014-cü ilə qədər davam edib, lakin maliyyə çətinlikləri səbəbindən bir müddət dayandırılıb.
Son illərdə bu layihənin davam etdirildiyini vurğulayan Rauf Ağamirzəyev bildirib ki, yeni tikiləcək yol ötürücüsü Kürdaxanı, Novxanı, Saray, M-1 Bakı-Quba-Rusiya istiqamətində keçərək Ceyranbatan su anbarının alt hissəsindən, Xırdalanın üstündən keçməklə M-4 Bakı-Şamaxı-Yevlax magistralına çıxacağını bildirib:
"Bu yeni yolun istifadəyə verilməsi nəticəsində ölkənin Qərb və Şimal bölgələrindən gələn sürücülər şəhərə daxil olmadan hava limanına və digər əsas yollarla əlaqəyə çıxış əldə edəcəklər. Hazırda rayonlardan gələn nəqliyyatın əsas hissəsi "20 Yanvar" dairəsinə yönəlir və bu da şəhərdə sıxlıq yaradır".
Ekspert vurğulayıb ki, hazırda şəhərdə Şərq və Qərb istiqamətində hərəkətin əsas yükünü Ziya Bünyadov prospekti daşıyır:
"Yeni dairəvi yolların tikilməsi bu yükü əhəmiyyətli dərəcədə azaldacaq. Bakı Dairəvi 1 (Lökbatan Dairəsi-Biləcəri) Bakı Dairəvi 3 (Zığ dairəsi - Hava limanı beton yolu) kimi layihələr 2008-ci ildə icra edilsə də, onlar hələ tam effektiv şəkildə bir-birinə bağlanmayıb. Yeni yol ötürücüsü və dairəvi yollar bu əlaqələri gücləndirəcək və alternativ yollar yaradacaq.
Son illərdə Bakıda nəqliyyat sisteminin effektivliyini artırmaq üçün rəqəmsal idarəetmə alətləri də tətbiq olunur. "Rəqəmsal əkiz" adlanan sistem fərqli mənbələrdən dataları əldə edərək hərəkət axınlarını müəyyən edir və bu axına uyğun olaraq yeni layihələri icra etmədən öncə simulyasiya edərək fərqli variantlarla bunu etmək imkanına sahibdir.
Ən effektiv və səmərəli variant seçilir. Hərəkət növləri üzrə yeni fürsətlərin yaradılması ilə eyni küçə və prospektdə fərqli bir hərəkətliliyə səbəb olur. Bunun ilkin olaraq 31 küçənin transfarmasiya olunması ilə şəhərin mərkəzində fərqli bir hərəkət növləri üçün şəraitin yaradılması misalını göstərə bilərik",- Rauf Ağamirzəyev əlavə edib.