Xəyanət toxumu səpən USAİD-in Rusiya ilə hansı ƏLAQƏLƏRİ VAR?

Bildiyimiz kimi, USAİD (Birləşmiş Ştatların Beynəlxalq İnkişaf Agentliyi (USAID) mülki xarici yardım və inkişaf yardımını idarə etmək üçün məsuliyyət daşıyan ABŞ federal hökumətinin müstəqil agentliyidir – red) Azərbaycanda fəaliyyətini dayandırıb. İnsanları maraqlandıran nüans isə bunun səbəbləridir.
Bəs, USAİD niyə Azərbaycanda fəaliyyətini dayandırıb? Hansı layihələri icra etməyə çalışıb?
Məsələ ilə bağlı Ajans.az-a açıqlama verən politoloq Elxan Şahinoğlu bildirib ki, Ağ Ev administrasiyası USAİD-nin lazımsız qurum olması qənaətinə gəlib:
“Bu təşkilatın korrupsiyaya bulaşdığı da vurğulanıb. Üstəgəl USAİD fəaliyyət göstərdiyi ölkələrin daxili işlərinə qarışıb, rəngli inqilabları maliyyələşdirib. Bütün bu səbəblərə görə, USAİD-nin Azərbaycanda fəaliyyətinin dayandırılması labüd idi”.
O həmçinin əlavə edib ki, USAİD Azərbaycanda müxtəlif layihələri maliyyələşdirib:
“Bunların içərisində ölkə içərisində fikir ixtilafını dərinləşdirən layihələr də olub. Azərbaycanın kifayət qədər maliyyə resursları var və kənar müdaxilənin əleyhinədir. Bu deyilənlər Azərbaycanda fəaliyyət göstərən Rusiyanın mərkəzlərinə və media resurslarına da aiddir. Azərbaycanda USAİD ilə “Rus evinin” fəaliyyətinin eyni zamanda dayandırılması buna sübutdur”.