Tokayevdən mühüm GÖSTƏRİŞ: Nüvə klasterinin formalaşmasına BAŞLANACAQ
Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev hökumətə birinci Atom Elektrik Stansiyasının (AES) tikintisini sürətləndirməyi və ölkədə nüvə klasterinin formalaşmasına başlamağı tapşırıb.
Ajans.az xəbər verir ki, bu qərar hökumətin genişləndirilmiş iclasında elan edilib.
“Enerji çatışmazlığının artması fonunda ilk AES-in tikintisini sürətləndirmək və nüvə klasterinin yaradılmasına başlamaq lazımdır. Bu, ölkəmizin tərəqqisini təmin etmək üçün mühüm addımdır. Hökumətə və “Samruk-Kazyna”ya nüvə sənayesinin inkişafı üçün uzunmüddətli planlar hazırlamağı tapşırıram”, – Tokayev bildirib.
O, gələcək atom elektrik stansiyalarının tikintisi üçün optimal sahələrin müəyyən edilməsi, eləcə də müasir və təhlükəsiz texnologiyaların seçilməsi üçün hərtərəfli təhlillərin aparılmasının zəruri olduğunu vurğulayıb. “Bir daha vurğulayıram: ölkəmizin nüvə enerjisinə ehtiyacı var. Bunsuz Qazaxıstanın mütərəqqi inkişafı sual altında qalacaq”.
Bundan əlavə, Tokayev hökumət qarşısında elektrik enerjisi ilə özünü tam təmin etmək və 15-20% səviyyəsində ehtiyat yaratmaq vəzifəsi qoyub. Bunun üçün yaxın iki ildə ən azı üç giqavatlıq yeni enerji gücü işə salınmalıdır.
Tokayev daha əvvəl demişdi ki, respublika hökuməti “kəmərlərini sıxmalıdır”. Onun sözlərinə görə, Nazirlər Kabineti vəsaitlərin cəmi qənaətini təmin etməli, onları yalnız ən aktual problemlərin həllinə sərf etməlidir.