Tezliklə böyük müharibə başlayacaq - Detallar AÇIQLANDI

Müharibə baş verərsə, ABŞ-nin dəstəyi olmadan Avropa ölkələrinin Rusiyadan müdafiəsi üçün daha 300 min əsgərə ehtiyacı var. Bu barədə Brusseldəki "Bruegel" Araşdırma İnstitutu və Kiyev Dünya İqtisadiyyatı İnstitutu məlumat yayıb. Bildirilib ki, Rusiya qarşıdakı 3-10 il ərzində Avropa Birliyinə hücum üçün hərbi güc əldə edə bilər.
Eyni zamanda bir çox analitiklərə görə, Rusiyanın Ukraynada apardığı müharibə hər an digər dövlətlərin savaşa qoşulmasına, nüvə müharibəsinə və Üçüncü Dünya müharibəsinin başlamasına səbəb ola bilər.
Bu barədə Ajans.az-a danışan politoloq Əlimusa İbrahimov deyib ki, Rusiya-Ukrayna müharibəsinin Trampın təqdim etdiyi plan üzrə qarşısının alınmasından ən çox narahat olan tərəf Aİ-dir:
“Çünki Trampa qədər avropalılar bu müharibənin Rusiyanın məğlubiyyəti ilə bitəcəyinə inanırdılar və bu istiqamətdə səfərbər olmuşdular. Ukraynaya çəkilən yüz milyardlarla xərcin arxasında məhz Ukraynanın qalib gəlməsi və Rusiyanın ciddi şəkildə zəifləməsi hədəfi dururdu. Trampın irəli sürdüyü atəşkəs planı isə vəziyyəti tamam dəyişir. Bu plan Ukraynanın deyil, Rusiyanın qələbəsi ilə nəticələnəcək hadisələrin baş verməsinə gətirib çıxaracaq.
Politoloq həmçinin qeyd edib ki, Avropa indiki inkişaf səviyyəsi və hərbi potensialla Rusiyaya qarşı dayana bilməyəcək, ABŞ-yə olan ümidlər də getdikcə azalır:
“Bu halda qoca qitə özü öz təhlükəsizliyinin təmin olunması istiqamətində düşünməyə məcburdur. Onlar əmindirlər ki, bu gün ABŞ-nin Ukraynanı bölməklə bağlı Rusiyaya təklifi yaxın gələcəkdə Rusiyanın Avropanı bölməklə bağlı Amerikaya verəcəyi təkliflə əvəz olunacaq.
Əlimusa İbrahimov son olaraq vurğulayıb ki, yaxın 3-10 ildə Rusiyanın Avropaya qarşı düşmənçilik hərəkətində olacağı birmənalıdır və Avropa öz təhlükəsizlikləri üçün tələb olunan vəsaitin həddən artıq yüksək olduğunu dərk edərək yenidən ABŞ-nin yanına qayıdacaq. ABŞ-nin nail olmağa çalışdığı da elə budur.
Cavidan Mirzəzadə / Ajans.az