Texnologiya və müdafiə birləşdi: "OpenAI"dən ABŞ ordusuna süni intellektlə hərbi dəstək!
OpenAI və “Anduril Industries” süni intellektlə dəstəklənən müdafiə texnologiyalarını inkişaf etdirmək üçün əməkdaşlıq edib.
Ajans.az xəbər verir ki, bu strateji əməkdaşlıq ABŞ və onun müttəfiq qüvvələrinə pilotsuz uçuş aparatları (PUA) və hava təhdidləri ilə mübarizədə daha effektiv həllər təqdim etmək məqsədi daşıyır.
“ChatGPT”nin yaradıcısı OpenAI və yüksək texnologiyalı müdafiə startapı “Anduril Industries” orduda istifadə üçün süni intellektlə dəstəklənən texnologiyalar hazırlamaq üçün əməkdaşlıq edəcəklərini açıqlayıb.
İki texnologiya nəhəngi ölkənin pilotsuz uçuş aparatları sistemlərini (PUA) və onların real vaxt rejimində ölümcül hava təhdidlərini aşkar etmək, qiymətləndirmək və onlara cavab vermək qabiliyyətini inkişaf etdirməyi planlaşdırır.
Şirkətlər əməkdaşlığı Çinlə süni intellekt yarışında kritik bir zamanda Amerikanın texniki üstünlüyünü təmin etmək üçün bir yol kimi təsvir edib. Onlar maliyyə şərtlərini açıqlamayıb.
“Anduril” və “OpenAI” hesab edir ki, bu əməkdaşlıq Amerikanın texniki üstünlüyünün qorunmasına töhfə verəcək.
“OpenAI” keçmişdə hərbi texnologiyalardan istifadəni qadağan etmişdi, lakin bəzi əməkdaşlığa icazə vermək üçün 2024-cü ilin əvvəlində qaydalarını dəyişdi. CEO Sam Altman, inkişaf etdirilən texnologiyanın yalnız müdafiə məqsədləri üçün istifadə ediləcəyini və demokratik dəyərlərə sadiq qalacaqlarını vurğulayıb.
Süni intellekt texnologiyaları təkcə ticarətin deyil, həm də milli təhlükəsizlik strategiyalarının mərkəzindədir. Bu yeni əməkdaşlıqlar texnologiyanın hərbi istifadəsi ilə bağlı etik mübahisələri yenidən alovlandırsa da, eyni zamanda bütün dünyada rəqabəti daha da gücləndirəcək.