TƏBİB-in nümayəndə heyətinin Avstriya Respublikasına işgüzar səfəri baş tutub - FOTO

TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyətinin Avstriya Respublikasına işgüzar səfəri baş tutub.
Ajans.az xəbər verir ki, səfər zamanı tibb və səhiyyənin müxtəlif sahələrini əhatə edən görüşlər və təcrübə mübadiləsi həyata keçirilib. Nümayəndə heyətinin Avstriya Respublikasına işgüzar səfərinin məqsədi reabilitasiya xidmətlərinin inkişafı üçün əməkdaşlığın qurulması, həkimlərin təcrübə və biliklərinin artırılması üçün təcrübə proqramlarının təşkil edilməsi, Avstriyada yaşayan və fəaliyyət göstərən azərbaycanlı həkimlərlə tanışlıq, yeni əlaqələrin qurulması, Azərbaycan və Avstriya səhiyyəsinin idarə edilməsində mövcud perspektivlərin nəzərdən keçirilməsi olub.
Səfər çərçivəsində Azərbaycan Respublikasının Avstriya Respublikasında Səfirliyinə, “AUVA” Reabilitasiya Mərkəzinə, “AKH” Vyana Mərkəzi Xəstəxanasına, Avstriya Həkimlər Palatasına, Avstriya Avtomobil və Nəqliyyat Birliyinin (ÖAMTC) Helikopter Ambulans Mərkəzinə, “Gmundenberg” Nevroloji Terapiya Mərkəzinə, “EVER Pharma” əczaçılıq şirkətinə və istehsal sahəsinə səfərlər təşkil olunub, eləcə də həmin qurumların rəhbərləri ilə görüşlər keçirilib.
Görüşlərdə bir sıra aktual məsələlər müzakirə edilib, səmərəli işgüzar əlaqələr qurulub, eləcə də Azərbaycan və Avstriya respublikalarının səhiyyə sahəsində təcrübə mübadiləsi həyata keçirilib.
Səfər çərçivəsində TƏBİB-in tabeliyində olan tibb mərkəzlərində reabilitasiya xidmətlərinin inkişafı üçün əməkdaşlığın qurulması, həkimlərin təcrübə və biliklərinin artırılması üçün təcrübə proqramlarının təşkil edilməsi, müasir reabilitasiya xidmətlərində tətbiq olunan metod və cihazlarla tanışlıq, Avstriyada yaşayan, fəaliyyət göstərən azərbaycanlı həkimlərlə tanışlıq əlaqələrinin qurulması, mümkün əməkdaşlıq sahələrinin müzakirə edilməsi, həmçinin gələcəkdə TƏBİB tərəfindən təşkil edilən proqram, simpozium, konfrans və digər tədbirlərdə iştirak barədə məlumat verilməsi, Avstriya hava ambulans xidməti ilə tanışlıq, hava ambulansları (helikopter) mərkəzlərinin Azərbaycanda qurulması istiqamətində müzakirə və fikir mübadiləsi baş tutub.
Bundan əlavə, TƏBİB-in İcraçı direktoru V.Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyətinin Avstriya Respublikasına səfəri çərçivəsində dövlət və özəl sektorda işləyən, eləcə də təhsilini burada davam etdirən azərbaycanlı həkimlərlə Azərbaycan Respublikasının Avstriya Respublikasındakı Mədəniyyət Mərkəzində görüşü keçirilib.
Avstriya Respublikasındakı Mədəniyyət Mərkəzinin dəstəyilə keçirilən tədbirdə açılış nitqi ilə çıxış edən Mərkəzin direktoru Leyla Qasımova tədbirdə iştirak edən TƏBİB-in nümayəndə heyəti və azərbaycanlı həkimlərin görüşünə ev sahibliyi etməkdən məmnunluğunu ifadə edib. O, TƏBİB-in Avstriyada və dünyanın digər ölkələrində çalışan azərbaycanlı həkimlərin Azərbaycan səhiyyəsinə qazandırılması cəhdlərini yüksək qiymətləndirdiyini qeyd edib.
Daha sonra çıxış edən V.Qurbanov bildirib ki, xarici ölkələrdə yaşayan və fəaliyyət göstərən tibb işçilərinin ölkəmizdə səhiyyə sahəsində görülən işlər və innovativ yeniliklərlə yaxından tanış olması vacib əhəmiyyət daşıyır. O, Avstriyanın tibb müəssisələrində fəaliyyət göstərən həkimlərimizi gələcəkdə TƏBİB-in tabeliyində olan müəssisələrdə görməkdən məmnun olacaqlarını xüsusi vurğulayıb.
Sonda Vüqar Qurbanov Avstriya Respublikasındakı Mədəniyyət Mərkəzinin rəhbərliyi və kollektivinə, eləcə də azərbaycanlı həkimlərə iştirak üçün təşəkkürünü bildirib.
Həmçinin tədbirdə çıxış edən qonaqlar da öz növbəsində görüşün təşkil edilməsinə görə minnətdarlıqlarını bildirib, TƏBİB-in xarici ölkələrdəki həkimlərlə bağlı həyata keçirdiyi layihələri yüksək qiymətləndirib, müxtəlif ölkələrdə çalışan azərbaycanlı həkimlərin TƏBİB ilə əlaqələrinin yüksək səviyyədə olmasında maraqlı olduqlarını vurğulayıblar.
Qeyd edək ki, gələcəkdə bu kimi işgüzar səfərlərin həyata keçirilməsi, səhiyyə idarə edilməsində, tibbi xidmətlərin təşkilində beynəlxalq təcrübənin öyrənilməsi və xarici dövlətlərlə məhsuldar əməkdaşlığın genişləndirilməsi istiqamətində tədbirlərin həyata keçirilməsi davam etdiriləcək.