Spirtli içkilərin minimum qiymətləri təyin olunsun!- TƏKLİF

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) spirtli içkilərin qablaşdırma zamanı xərçəngin inkişafına səbəb ola biləcəyinə dair xəbərdarlıq əlavə etməklə məcburi standartlaşdırılmış etiketlənməsinə çağırıb. Araqların pərakəndə satışına dair minimum qiymətin müəyyən edilməsi qaydası hazırlanacaq. Bu barədə qurumun saytında məlumat yerləşdirilib.
"Alkoqollu içkilərin xərçəngə səbəb ola biləcəyi barədə məlumatlılığı artırmaq üçün spirtli içkilərin üzərində diqqəti çəkən xəbərdarlıq etiketlərinə ehtiyac var. Bu sadə addım istehlakçılara alkoqolun zərərini azaltmağa kömək edəcək qərar qəbul etməyə imkan verə bilər", - məlumatda bildirilir.
Təşkilat qeyd edib ki, bir çox ölkələr hələ də spirtli içkilərdən sui-istifadənin zərərinin azaldılmasında əhəmiyyətli irəliləyiş əldə edə bilməyiblər. Xüsusilə, Avropa regionunda hər il təxminən 800 min insan alkoqolun vurduğu zərərdən ölür. ÜST-nin məlumatına görə, Avropada alkoqolla bağlı ölümlərin əsas səbəbi xərçəngdir.
Məsələyə münasibət bildirən iqtisadçı ekspert Eldəniz Əmirov ‘’Ajans.az’’a söyləyib ki, Ümumdünya Səhiyyə Təşkilatının çağırışlarını və dünya üçün səsləndirdiyi riskləri o qədər də ciddi qəbul etmirəm:
‘’Çünki həmin qurum qeyri-adekvat qərarların qəbulunda özünü göstərib. Beləki pandemiya dövründə bu, özünü daha çox biruzə verdi. Digər tərəfdən beynəlxalq qurumlar reytinqlərini daha yuxarı səviyyədə saxlamaq, gəlir mənbələrini güclü şəkildə formalaşdırmaq üçün daha qorxulu proqnozlar verməyə çalışırlar. Yəni, bütün hallarda beynəlxalq qurumlar daha çox dünyanı qorxutmaqla məşğuldurlar. Onlar hansısa istiqamətdə effektiv nəticələr ortaya qoymurlar. Spirtli içkilərin minimum qiymətlərinin təyin edilməsinə gəlincə isə onsuz Azərbaycan höküməti bununla bağlı müvafiq addımlar atıb. Fikrimcə, bu yöndə görülən işlər keyfiyyətin yüksək saxlanılması üçün məqsədəuyğundur. Amma ümumən ÜST-ün çağırışları effektivlik cəhətdən aşağı səviyyədədir. İnsanları aclıqla, xərçəng xəstəliyi ilə qorxutmaq mənasızdır".