Soyuq havalar qiymətləri qaldıracaq? - İqtisadçı AÇIQLADI

Soyuq havalar qiymətləri qaldıracaq? - İqtisadçı
Cəmiyyət 27-02-2025 - 13:49

"Havaların qarlı keçməsi bu dövr üçün normal haldır. Bunun kənd təsərrüfatına həm müsbət, həm mənfi təsirləri ola bilər".

Bunu Ajans.az-a açıqlamasında iqtisadçı ekspert Vahid Məhərrəmli deyib. 

Onun sözlərinə görə, qar torpaqda nəmliyi artıracaq, şaxtanın da olması bəzi zərərvericiləri məhv edəcək. Əgər yaz aylarında hava normal keçsə, payızlıq bitkilərin - yəni taxıl bitkilərinin məhsuldarlığı artacaq:

"Havanın bu cür keçməsi daha çox heyvandarlığa təsir göstərir. Bildiyimiz kimi, Azərbaycanda kifayət qədər yem tədarükü yoxdur, xırdabuynuzlu heyvanlar bütün fəsillərdə otlaqlara çıxarılır. Bu cür havalarda onların otarılması mümkün olmur. Yem ehtiyatı olmadığı üçün heyvanlar zəifləyə bilər, xəstəlik və ölüm halları ola bilər". 

Ekspert son olaraq qeyd edib ki, şaxtalı havaların bazarlara da təsiri ola bilər:

"Çünki anbarlardakı məhsulların şəhərə, bazarlara daşınması çətinləşir və xərci artırır. Həm də şaxtalı hava bəzi məhsulların donmasına, xarab olmasına səbəb ola bilər.

Ümumilikdə, əgər yaz mövsümündə hava mülayim olsa, ciddi problem olacağını düşünmürəm".

Cavidan Mirzəzadə / Ajans.az

Ajans.az
Vəzifəsi: Redaktor
PAYLAŞ: