Şimali Koreyaya rus əsgərləri GÖNDƏRİLİB - SƏBƏB

Ukrayna müharibəsində yaralanaraq müalicə üçün Şimali Koreyaya göndərilən əsgərlər bu ölkədə yaşadıqlarından danışıblar.
Ajans.az xəbər verir ki, Britaniyanın “Guardian” qəzetinə müsahibə verən rus əsgəri Ukrayna cəbhəsində iki il davam edən döyüşlərdən sonra qəlpə yarasına görə yenidən Vladivostoka göndərildiyini deyir.
O, müalicə prosesini sürətləndirmək üçün Rusiyadakı sanatoriyalardan birinə getmək üçün müraciət etdiyini, lakin artıq yer qalmadığı üçün Şimali Koreyaya göndərildiyini bildirir. Əsgər deyir ki, əvvəlcə paytaxt Pxenyana, oradan isə ölkənin şərq sahilindəki Vonsan şəhərindəki səhiyyə müəssisəsinə gedib.
Müəssisədə ən azı 20 digər rus əsgərinin müalicə aldığını qeyd edən Aleksey “Yeməklər dadsız idi və ümumiyyətlə ət yox idi” dedi. O, həmçinin spirtli içki tapmağın çox çətin olduğunu və ölkədə keçirdiyi vaxtın “gözlədiyi kimi olmadığını” deyir.
Aleksey deyir ki, obyektlər təmizdir, əsgərlər hovuz və saunadan istifadə edə bilirlər, lakin o deyir: “Mən yenə də növbəti dəfə daha tanış bir yerdə müalicə almağa üstünlük verərdim”.
Moskvanın Pxenyandakı səfiri Aleksandr Matseqora Rusiyanın rəsmi “Rossiyskaya qazeta” qəzetində fevralın 9-da dərc olunan müsahibəsində müharibədə yaralanan yüzlərlə rus əsgərinin Şimali Koreyadakı müəssisələrdə müalicə aldığını bildirib. Matseqora həmçinin bildirib ki, bütün müalicə və yaşayış xərcləri Pxenyan administrasiyası tərəfindən qarşılanıb.
Bununla belə, Vaşinqtonda yerləşən Müharibə İnstitutunun keçən həftə dərc etdiyi hesabatda rus əsgərlərinin Şimali Koreya döyüşçülərinə təlim keçmək üçün ölkəyə getdiyi iddia edilir:
Döyüş qabiliyyətinə malik rus əsgərlərinin, xüsusən də zabitlərin və astsubayların Şimali Koreyaya göndərilməsi Rusiya hərbçilərinin Şimali Koreya qüvvələri ilə birgə işləməsinə və Ukraynadakı müharibədən öyrəndiklərini bölüşməsinə imkan verə bilər.
Həmçinin bildirilib ki, Ukrayna cəbhəsində həlak olan rus əsgərlərinin uşaqları rus əsgərlərinin müalicə aldığı Vonsan şəhərindəki Sonqdoun Beynəlxalq Uşaq Düşərgəsində saxlanılır. Rusiya prezidenti Vladimir Putin keçən ilin iyununda Pxenyana səfəri zamanı Şimali Koreya lideri Kim Çen Ina düşərgədəki fəaliyyətə görə təşəkkür edib.