Şagirdlərə kömək etməyə cəhd edən nəzarətçilər imtahandan qovuldular

Bu gün 11 illik orta təhsil səviyyəsi üzrə ilk buraxılış imtahanı keçirilib.
Ajans.az xəbər verir ki, imtahan saat 11:00-da başlayıb və şagirdlər 3 saat ərzində onlara təqdim olunan sualları cavablandırıblar. Şagirdlərin bir qismi Azərbaycan dili, bir qismi isə riyaziyyat fənnindən sualların nisbətən çətin olduğunu bildiriblər.
Şagirdlər qədər onları gözləyən valideynlər də həyacanlı olduqlarını deyiblər.
Xankəndi, Ağdərə və Xocalıda ilk buraxılış imtahanları keçirilib.
Buraxılış imtahanı Xankəndi şəhər 4 nömrəli, Ağdərə rayonu, Talış kəndi, Xocalı 1 nömrəli orta məktəblərində təşkil edilib.
Sözügedən ərazilərdə keçirilən ilk imtahanlarda ümumilikdə 26 şagird iştirak edib. İmtahan bütün binalarda eyni vaxtda başlanıb.
Dövlət İmtahan Mərkəzinin Mətbuatla iş və elektron kommunikasiya sektorunun müdiri Xanlar Xanlarzadə bildirib ki, ilkin məlumatlara əsasən, 6 nəfərdə mobil telefon, 1 nəfərdə ağıllı saat aşkarlandığı üçün onlar imtahandan xaric ediliblər. 2 nəzarətçi isə iştirakçılara kömək etməyə cəhd etdiyi üçün imtahandan kənarlaşdırılıb.
Qeyd olunan hallarla bağlı araşdırma aparılır. Sabahdan etibarən Dövlət İmtahan Mərkəzində imtahan protokolları və cavab vərəqlərinin emalına başlanılacaq.