Rusiya 48 saata "qələbə"ni elan edəcək: Ukrayna üçün dəhşətli anlar BAŞLAYIR

Rusiya 48 saata "qələbə"ni elan edəcək:
Rusiya-Ukrayna
Siyasət 21-02-2025 - 17:29
 8194

Fevralın 24-də Rusiya Federasiyasının Ukraynaya genişmiqyaslı işğalının üçüncü ildönümü tamam olur. Bu çərçivədə Kremlin daxili və beynəlxalq ictimaiyyətə "qələbə" mesajı verməyə hazırlaşdığı barədə məlumat yayılıb. Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin bildirdiyinə görə, Rusiya bu tarixi simvolik bir hadisəyə çevirmək və öz cəmiyyətinə müsbət təsir göstərmək məqsədilə müxtəlif siyasi və hərbi tədbirlər həyata keçirir.

Ukrayna kəşfiyyatının məlumatına əsasən, Kreml genişmiqyaslı informasiya kampaniyası hazırlayır və bu müddət ərzində müəyyən hərbi uğurlar əldə etdiyini göstərməyə çalışır. Hərbi-strateji baxımdan bu cür addımların əsas məqsədi həm Rusiya ictimaiyyətində müharibənin gedişatına dair müsbət təsəvvür yaratmaq, həm də beynəlxalq aləmdə danışıqlar üçün daha sərfəli mövqe əldə etməkdir.

Bəs Rusiya "qələbə"ni necə əsaslandıra bilər və bu, müharibənin gedişatına necə təsir edəcək?

Məsələ ilə bağlı politoloq Turan Rzayev Ajans.az-a açıqlamasında bildirib ki, burada təəccüblü heç nə yoxdur, çünki Putin artıq öncədən Rusiya tərəfinin özünü qalib elan edəcəyini bəyan etmişdi:

"İndiki halda Rusiya ilə ABŞ arasında danışıqlar gedir və bu danışıqların uğurla nəticələnəcəyi təqdirdə Rusiya bunu özünün qələbəsi kimi qiymətləndirəcək. Düzdür, mən sülhün olacağını düşünmürəm, amma hər hansı bir atəşkəs razılaşması mümkündür. Bütün hallarda Rusiya bunu öz prestiji kimi istifadə edəcək."

Politoloq bildirib ki, bu vəziyyəti 1994-cü ildə Azərbaycan-Ermənistan arasında imzalanan atəşkəslə müqayisə etmək olar. O zaman Azərbaycan torpaqlarının 20%-i işğal altında idi, amma beynəlxalq ictimaiyyət bu işğalı tanımadı, nəticədə Azərbaycan uzunmüddətli strategiya quraraq torpaqlarını geri aldı. Ukrayna üçün də oxşar ssenari mümkündür:

"Ukrayna bu gün bu torpaqları geri qaytara bilməsə də, gələcəkdə bunu edəcək. İndiki məqamda strateji bir gediş edib mümkün atəşkəs razılaşmasını imzalamalı və Putin sonrası dövrə hazırlaşmalıdır. Buna görə də Ukrayna atəşkəsə getməyə yaxındır. Hazırda Rusiya iqtisadiyyatı ağır vəziyyətdədir, Kremlin daxilində fikir ayrılıqları var".

Turan Rzayev əlavə edib ki, Rusiya üçün bu "qələbə" yalnız müvəqqəti xarakter daşıyır, çünki ölkənin iqtisadiyyatı ciddi zərər görüb və Kremlin daxilində ciddi fikir ayrılıqları müşahidə olunur:

"Rusiya iqtisadiyyatına ciddi zərər dəyib. Kremlin özündə belə fikir ayrılıqları varsa, bunu necə qələbə adlandırmaq olar? Amma hər bir halda Rusiya bunu öz qələbəsi kimi qəbul edəcək və daxili auditoriyanı bu fikrə inandırmağa çalışacaq. Rusiya bu "qələbə"ni daxili təbliğat vasitəsi kimi istifadə etsə də, reallıqda bu, Moskva üçün uzunmüddətli perspektivdə ciddi problemlər yaradacaq. Çünki nə müharibə bitib, nə də Rusiya məqsədlərinə tam çata bilib. Eyni zamanda, beynəlxalq sanksiyalar və daxili çətinliklər Kremlin mövqelərini zəiflədir".

Rzayev vurğulayıb ki, son günlərdə Rusiya ilə ABŞ arasında gedən danışıqlar fonunda müharibənin tam bitməsi olmasa da, müəyyən atəşkəs razılaşmasının gündəmə gələ biləcəyi ehtimalı artır. Lakin belə bir atəşkəs Ukraynanın məğlub olduğu anlamına gəlmir. Əksinə, bu, ölkənin gələcəkdə daha güclü şəkildə işğal altındakı torpaqlarını geri qaytarmaq üçün bir fürsət ola bilər.

PAYLAŞ: