Restoranlarda yeni "qanun": Bu şəxslərə çay verilmir!
Son vaxtlarda paytaxt Bakının bir çox restoranlarında yaranmış problem insanları narahat edir. Belə ki, insanlar restorana girib çay sifariş etdikdə bunun mümkün olmadığı bildirilir. Səbəbi də odur ki, təkcə çay içilə bilməz. Mütləq yanında ya şirniyyat, ya da mürəbbə sifariş edilməlidir. Şübhəsiz ki, bu məsələ çox ciddi problem yaradır. Çünki heç kəs şirniyyat və ya əlavə yeməklər sifariş etmək məcburiyyətində deyil. Hətta əməkdaşımız da bir neçə restoranı ziyarət edib və faktın doğruluğuna şahid olub.
Bəs bu qayda necə tənzimlənir? Niyə, cəmiyyəti əlavə pul xərcləyib nəsə almağa məcbur edirlər?
Məsələ ilə bağlı Ajans.az-a açıqlama verən Vətəndaşların Əmək Hüquqlarının Müdafiə Liqasının rəhbəri Sahib Məmmədov bildirib ki, bu problem adətən müştərilən çox olduğu müəssisələrdə baş verir:
“Təbii ki, burada istehlakşı hüquqlarının pozulma halları var. Amma bunu xüsusi tənzimləyən bir norma yoxdur. Onlar bu cür xidmət təklif edir. Kiminsə xoşu gəlmirsə, istifadə etməyə bilər. Dünyada da bu cür tələblər ola bilər. Bunu ona görə edirlər ki, kimsə bir fincan çay sifariş edib 2 saat oturmasın. İstəyirlər ki, daha çox pul qazanıb daha çox xidmət göstərsinlər. “Starbucks” kimi şəbəkələşmiş və qlobal iaşə müəssisələrində belə qanunlar yoxdur. Hər kəs rahat çayını içib internetdən istifadə edə bilər".
Sahib Məmmədov bilirib ki, bizdə bu problem geniş yayılıb və xüsusi bir nəzarət yoxdur. Bunun əvəzinə mən təklif edərdim ki, ən azından vaxt limiti olsun. Kimsə 1 fincan çay içirsə, daha tez qalxsın:
"Təkcə şəhərin mərkəzində yox, digər ərazilərdə də bu hal yaşanır. İnsanlar məcbur olur ki, şirniyyat sifariş etsin. Amma ola bilər ki, kimdəsə diabet xəstəliyi var və ya pəhriz saxlayır. Onlar o şirniyyatı yemir. Orada qalır, restoran da onu götürür və yenidən başqasına verir. Burada bir az özbaşınalıq da var. Məncə, bununla bağlı normativ sənəd qəbul edilməlidir. Həm iaşə obyektlərinin, həm də istehlakçıların maraqlarını nəzərə alaraq ortaya bir tənzimləmə çıxsa, çox yaxşı olar”.