Quduz itləri,yoxsa insanları qoruyaq?

Quduz itləri,yoxsa insanları qoruyaq?
Cəmiyyət 20-02-2025 - 13:25

Son illər küçə itləri ilə bağlı səksəkə və problemlər artmaqda davam edir. Təəssüf ki, bu problemə müvafiq qurular illərdir laqeyid yanaşıblar. Küçə itləri probleminin həlli üçün dünyanın hər yerində hərəkat başlanıb.

Hətta, bu məsələ qardaş Türkiyənin Milli Məclisində ən çox müzakirə olunan məsələlərdən biri olub. Belə ki, millət vəkilləri sahibsiz itlərin iynə ilə öldürülməsini təklif edib. Heyvansevər cəmiyyətləri məsələnin bu şəkildə həll olunmasını qətiyyətlə rədd edir. Ancaq bununla belə, müvafiq qurumlar küçə itlərini ərazilərdən toplamağa və onları sığnacaq mərkəzlərinə verməyə başlayıb. Türkiyədə hər bələdiyyənin nəzdində belə bir sğınacaq mərkəzləri var...

Amerika və Avropada isə sahibsiz heyvanlarla bağlı qanunların tarixi 1960-cı illərə gedib çıxır. Küçə heyvanlarının yaşaması üçün sığınacaqlar salan Qərb öllkələri, eyni zamanda, ev heyvanlarını küçələrə atan insanlara ciddi cərimələr tətbiq edir. O səbəbdən Avropa problemin həllinə nisbətən yaxınlaşmış vəziyyətdədir. Bununla belə sahibsiz heyvanlarla bağlı məsələlərdə hələ də tam uğur qazana bilməyiblər. Həm insan sağlığına, həm də itlərin vəziyyətinə təsir edən bu məsələ yalnız sosial deyil, həm də ekoloji bir problem kimi qiymətləndirilir.

Maraqlıdır, küçə itləri ilə bağlı şikayyətlər durmadan artsa da müvafiq orqanlar niyə bir əncam qılmırlar? Küçə itlərinin öhdəsindən necə gəlmək olar?

Suallarımızı cavablandıran Sosioloq Mətanət Məmmədova "Ajans.az"a bildirib ki, küçə itlərinin sayının artması bəzi hallarda insanlara hücum kimi təhlükələr yaradır:


‘’Xüsusilə uşaqlar və yaşlılar üçün bu problem daha çox narahatlıq doğurur. İnsanların küçə itlərinə qarşı aqressiv davranışı heyvanların daha aqressiv olmasına səbəb ola bilər. Azərbaycanda küçə heyvanları üçün yetərli sayda sığınacaq yoxdur. Sterilizasiya və peyvənd proqramları məhdud olduğuna görə itlərin sayı nəzarətsiz şəkildə artır. Azərbaycanda heyvan haqlarını qoruyan qanunvericilik mövcuddur, amma fəaliyyəti çox zəifdir. Küçə heyvanlarının qorunması üçün nəzərdə tutulmuş layihələr və proqramlar kifayət qədər effektiv işləmir. Təbii ki, quduz itlər insan olan yerdə təhlükə yaradır. İnsan həyatını qorumaq üçün müvafiq qurumlar hərəkətə keçməlidir. "Qobu parkı" adlanan yerin meşə zonasında itlərin saxlama yeri var. Bütün itlər yığılara həmin əraziyə aparılmalıdır. Adiyyatı qurumlar hansısa qanun qəbul etmədiyi zaman quduz itlər hələlik orda saxlanılsın. Könüllülər həmin itlərə baş çəkərək, qulluq edirlər. Yəni, həmin heyvanları insanların uzaq yaşadığı yerlərə aparmaq lazımdır. Əvvəllər küçə itləri yolun ortasında güllələnirdi. Ancaq indiki halda bu cür davranışlar yolverilməzdir. Çünki bizi kimi onlar da canlıdırlar. Qeyd edim ki, rayonda bu yöndə vəziyyət daha acınacaqlıdır. Beləki axşam vaxtı harasa getmək istəyəndə itlər vətəndaşlara sürüylə hücum edirlər. Bu səbəbdən küçə və sahibsiz itlərin saxlanılması, zərərsizləşdirilməsi üçün qanun qəbul edilməlidir.Təəssüf ki, bu barədə uzun illərdir narazılıq olmasına baxmayaraq, məsələnin həlli yönündə işlər görülmür".

Nəzrin Vüqarqızı
Vəzifəsi: Müxbir
PAYLAŞ: