Məleykə Abbaszadədən abituriyentlərə VACİB TÖVSİYƏ
Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə ixtisas seçiminə hazırlaşanlara tövsiyələrini bildirib.
Ajans.az xəbər verir ki, DİM sədri ixtisaslaşma seçimi zamanı abituriyentlərin nələrə diqqət etməli olduqlarını belə sıralayıb:
"Öz təhsil trayektoriyanızı modelləşdirin
İxtisaslaşma seçimi zamanı bir istiqamətlə kifayətlənmək əvəzinə bir neçə mümkün ssenari hazırlamaq faydalıdır.
Birinci ssenari — arzulanan seçim
Ən çox maraq göstərdiyiniz və gələcək məqsədlərinizə ən uyğun gələn proqramlar.
İkinci ssenari — real seçim
Topladığınız bala, plan yerlərinin sayına və ötən ilin müsabiqə vəziyyətinə uyğun olan proqramlar.
Üçüncü ssenari — ehtiyat seçim
Əsas məqsədinizə yaxın olan və sizə real peşəkar imkanlar verə biləcək alternativ proqramlar.
Jurnalda göstərildiyi kimi, bakalavr uyğun proqramların birinə və ya bir neçəsinə daxil olan dövlət sifarişli və ödənişli ixtisaslaşmaları seçə bilər. Elektron ərizəyə daxil edilən ixtisaslaşmaların ümumi sayı isə 20-dən çox olmamalıdır.
Bu 20 yeri təsadüfi şəkildə kodlaşdırmaq olmaz. Seçimlər həqiqi üstünlük sırasına uyğun aparılmalıdır.
Bal sizin seçiminizi əvəz etməməlidir. Bal yalnız öz qərarınızı verərkən istifadə etdiyiniz meyarlardan biri olmalıdır".