Bu ölkələr arasında müharibə BAŞLAYA BİLƏR
Səudiyyə Ərəbistanı dörd il əvvəl elan olunmuş atəşkəsdən sonra Yəməndə hərbi əməliyyatların yenidən başlanması ehtimalını nəzərdən keçirir.
Ajans.az xarici KİV-ə istinadən xəbər verir ki, Ər-Riyadda bu məsələ ilə bağlı müzakirələr Yəmənin "Ənsar Allah" (husilər) hərəkatının nəzarət etdiyi ərazilərlə İran arasında sabit hava əlaqəsi yaratmaq cəhdlərindən sonra yenidən gündəmə gəlib.
Məlumata görə, husilər son bir ay ərzində iki dəfə xəbərdar ediliblər ki, İran təyyarələrinin nəzarət etdikləri ərazilərə enişinə icazə verməsinlər. Lakin hərəkat Səudiyyə Ərəbistanının tələblərini yerinə yetirməkdən imtina edib.
Bununla yanaşı, husilər Səudiyyə Ərəbistanı ilə qüvvədə olan atəşkəs razılaşmasından çıxdıqlarını da elan ediblər.
Hadisələrin bu istiqamətdə inkişafı Yəməndə uzun illərdir davam edən qarşıdurmanın yenidən genişmiqyaslı hərbi müstəviyə keçməsi riskini artırır. Ekspertlərin fikrincə, belə bir ssenari Yaxın Şərqdə onsuz da mürəkkəb olan təhlükəsizlik vəziyyətini daha da gərginləşdirə bilər.