Ukraynanın paytaxtına HÜCUM: ÖLƏNLƏR VAR
İyulun 6-na keçən gecə Rusiyanın Kiyevə endirdiyi raket və pilotsuz uçuş aparatları ilə həyata keçirilən hücum nəticəsində 9 nəfər həlak olub, 2-si uşaq olmaqla 43 nəfər yaralanıb.
Ajans.az xəbər verir ki, bu barədə Ukrayna Dövlət Fövqəladə Hallar Xidməti (SES) məlumat yayıb.
Məlumata əsasən, hücum nəticəsində paytaxtda azı 15 yaşayış binası zədələnib və ya dağılıb. Podolski rayonunda doqquzmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsindən 9-cu mərtəbəsinədək hissə uçub. Hazırda həmin ərazidə dağıntılar altında qalan insanların axtarışı və xilasetmə əməliyyatları davam etdirilir.
Hadisə yerində xilasedicilərlə yanaşı, psixoloqlar da zərərçəkənlərə yardım göstərirlər.
Bundan əlavə, Podolski, Darnitski və Qoloseyevski rayonlarında yaşayış binalarına dəyən zərərin aradan qaldırılması istiqamətində təmizləmə işləri aparılır. Obolonski rayonunda isə hücum nəticəsində anbarda baş vermiş yanğının söndürülməsi davam edir.
Ukrayna Dövlət Fövqəladə Hallar Xidməti hücumun nəticələri ilə bağlı məlumatların dəqiqləşdirildiyini bildirib.