Filarmoniyanın Yay səhnəsində “İncə Sənətlə üz-üzə” konserti keçirilib
3 iyul tarixində M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Yay səhnəsində “İncə Sənətlə üz-üzə” adlı konsert proqramı təqdim olunub
Ajans.az xəbər verir ki, tədbir Filarmoniyanın konsert mövsümünün təntənəli bağlanışı ilə yanaşı, ənənəvi açıq hava konsertləri mövsümünün rəsmi açılışı kimi də əlamətdar olub. Yay axşamında baş tutan konsertdə tamaşaçılara dünya klassik musiqisinin seçilmiş nümunələrindən ibarət zəngin proqram təqdim edilib.
Konsertdə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri baş dirijor Fuad İbrahimovun rəhbərliyi ilə çıxış edib. Gecənin solisti Xalq artisti Murad Hüseynov olub. Dirijorun, orkestrin və solistin ifası klassik əsərlərin emosional zənginliyini və bədii xüsusiyyətlərini dinləyicilərə dolğun şəkildə çatdırıb.
Proqram çərçivəsində C.Rossininin “Oğru sağsağan” uvertürası, A.Borodinin “Qıpçaq rəqsləri”, E.Qriqin Fortepiano və orkestr üçün a-moll, op.16 konserti, eləcə də C.Gerşvinin “Amerikalı Parisdə” əsəri səsləndirilib. Müxtəlif dövrləri və üslubları əhatə edən repertuar dinləyicilərə klassik musiqinin zəngin ifadə imkanlarını nümayiş etdirib.
Yay səhnəsində keçirilən konsert mövsümün uğurla başa çatmasını simvolizə etməklə yanaşı, Filarmoniyanın açıq hava konsertləri ənənəsinin yeni mövsümünə də uğurlu start verib. Gecənin sonunda səslənən alqışlar musiqisevərlərin proqramı böyük rəğbətlə qarşıladığını göstərib.