Reklam resmi
Reklam resmi

Azərbaycan Milli İncəsənət Muzeyində “Əli bəy Hüseynzadə: böyük mütəfəkkir və rəssam” adlı sərgi açılıb  

Mədəniyyət

İyulun 3-də Azərbaycan Milli İncəsənət Muzeyində “Əli bəy Hüseynzadə: böyük mütəfəkkir və rəssam” adlı sərginin açılış mərasimi keçirilib. 

Ajans.az xəbər verir ki, Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunan "Türk Dünyası Həftəsi" çərçivəsində keçirilən sərgi Mədəniyyət Nazirliyi, Azərbaycan Milli İncəsənət Muzeyi və Azərbaycan İstiqlal Muzeyinin birgə təşkilatçılığı ilə gerçəkləşir.

Sərgi vaxtilə qurultayın rəyasət heyətinin fəxri üzvü olmuş görkəmli mütəfəkkir, Türk dünyasının böyük ideoloqu, şair, tərcüməçi, pedaqoq, həkim, Azərbaycan realist rəssamlığının inkişafına mühüm töhvələr vermiş Əli bəy Hüseynzadənin (1864–1940) çoxşaxəli irsinə həsr edilib.

Tədbirdə çıxış edən mədəniyyət nazirinin müavini Səadət Yusifova "Türk Dünyası Həftəsi"nin rəngarəng tədbirlərlə qurultayın missiyasına və yubileyə hərtərəfli işıq saldığını diqqətə çatdırıb.

Nazir müavini Əli bəy Hüseynzadənin bütün Türk dünyasında milli-ideoloji düşüncənin öndərlərindən olduğunu deyib, onun bədii-fəlsəfi irsinin daim öz əhəmiyyətini qoruyub saxlayacağını bildirib.

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Əməkdar mədəniyyət işçisi Şirin Məlikova sərgi haqqında ətraflı məlumat verib.

Qeyd olunub ki, Azərbaycan İstiqlal Muzeyi və şəxsi kolleksiyaya aid sənət nümunələri, eləcə də müxtəlif mənbələrdən əldə olunmuş arxiv fotoşəkillərini bir araya gətirən sərgi Əli bəy Hüseynzadənin irsinə ilk növbədə onun bədii yaradıcılığı və ictimai fəaliyyəti prizmasından nəzər salmağa imkan yaradır.

Əli bəy Hüseynzadə Azərbaycan təsviri sənətində realizmin ilk nümayəndələrindən və peşəkar teatr rəssamlığının banilərindən hesab edilir. Onun rəngkarlıq və qrafika irsi portret, mənzərə və natürmort janrlarını əhatə edir. Əsərlərində milli-mənəvi dəyərlər, tarixi yaddaş, vətən sevgisi və insan xarakterinin psixoloji dərinliyi yüksək bədii ifadəsini tapıb. Sərgidə müəllifin həm Azərbaycanda, həm də Türkiyədə yaratdığı “Mənzərə. Bibiheybətin görünüşü”, “Atatürkün portreti”, “Ailə portreti” və digər əsərləri nümayiş etdirilir. Ekspozisiyada Salyan Tarix-Diyarşünaslıq Muzeyinə məxsus, Əli bəy Hüseynzadənin redaktoru olduğu “Həyat” qəzetinin ipək üzərində nəşr edilmiş nadir nüsxəsi də yer alır.

Sərgidə böyük mütəfəkkirin redaktorluq fəaliyyəti, teatr sənətinə töhfələri və milli ideya irsinə həsr olunmuş məlumat lövhələri də təqdim edilir. Azərbaycan İstiqlal Muzeyinin kolleksiyasından seçilmiş fotoşəkillər Əli bəy Hüseynzadənin həyat və fəaliyyətinin müxtəlif mərhələlərini, eləcə də 1926-cı ildə Bakıda keçirilmiş Birinci Türkoloji Qurultayın iştirakçılarını və həmin dövrün tarixi mühitini əks etdirir.

Ekspozisiyanın mühüm hissələrindən birini də Birinci Türkoloji Qurultayın keçirildiyi günlərdə “Azdövlətkino” tərəfindən lentə alınmış 8 dəqiqəlik qısametrajlı səssiz film təşkil edir.

Azərbaycan Milli Məclisinin deputatı Jalə Əliyeva və Azərbaycan İstiqlal Muzeyinin direktoru Sədi Mirseyibli çıxışlarında "Türk Dünyası Həftəsi" və sərginin əhəmiyyətini vurğulayıblar. 

Sonda türkologiyanın inkişafına töhfə verən bir qrup alim və ziyalıya Azərbaycan Mədəniyyət Nazirliyinin təsis etdiyi “Birinci Türkoloji Qurultayın 100 illiyi (1926–2026)” xatirə nişanı təqdim olunub.

“Əli bəy Hüseynzadə: böyük mütəfəkkir və rəssam” sərgisi cari ilin 30 sentyabr tarixinədək davam edəcək.

Mövzular:
Milli İncəsənət Muzeyi Əli bəy Hüseynzadə Azərbaycan

Digər Xəbərlər